[b]Muaremin yeni klubu müəyyənləşdi[/b]
23.06.2017 - 09:25
[b]Muaremin yeni klubu müəyyənləşdi[/b]

Yay fasiləsində “Qarabağ”la yollarını ayıran Muarem Muaremin yeni klubunun adına böyük ölçüdə aydınlıq gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, makedoniyalı yarımmüdafiəçi karyerasını yenidən bu ölkədə davam etdirəcək.

 

Belə ki, 29 yaşlı futbolçu “Adanaspor” klubu ilə anlaşıb. Superliqada sonuncu yeri tutaraq I liqaya yuvarlanan Adana təmsilçisi yenidən elitaya qayıtmaq arzusundadı. Bunun üçün heyətini gücləndirməyə başlayan klub “Eyüpspor”dan Muharrem Doğan və “Adana Dəmirspor”dan Onur Akbayı transfer etdikdən sonra sabiq “Qarabağ”lı ilə də danışıqları müsbət nəticələndirib.

 

Qonşu ölkə mətbuatı tərəflər arasında hərtərəfli razılığın əldə edildiyini və yalnız rəsmi müqaviləyə imza atmağın qaldığını vurğulayıb. Bununla da Muarem 3-cü dəfə Türkiyəyə yollanıb. O, 2010-11 mövsümündə “Orduspor”un, 2015-ci ildə isə 6 ay “Əskişəhərspor”un formasını geyinib.

 

Bununla da Makedoniya millisinin üzvü “Qarabağ”da uzun müddət bir yerdə çıxış etdiyi Reynado Silva ilə yenidən komanda yoldaşı olacaq. Çünki braziliyalı da bu ilin yanvarında Türkiyə klubuna keçmişdi.

 

Qeyd edək ki, 2012-2017-cı illərdə “Qarabağ”da çıxış etmiş Muarem Muarem Ağdam klubunun heyətində keçirdiyi 159 oyunda 30 qola imza atıb.

 

0