“Nəticə bizdə özünəinam yaradır. Komandamın hazırkı durumundan məmnun qaldım”. Apasport.az saytının məlumatına görə, bunu “Ludoqorets”in baş məşqçisi Georgi Dermenciyev deyib.
Avstriyada təlim-məşq toplanışında olan Bolqarıstan təmsilçisi “Qəbələ” ilə yoxlama görüşündə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.
Matçdan sonra Bolqarıstan mətbuatına danışan Dermenciyev komandasının çıxışından məmnun qaldığını söyləyib: “Yüksək səviyyədə oyun oldu, yetirmələrim yaxşı mübarizə apardılar. Bu, Avstriyada ilk yoxlama görüşümüz idi. Fiziki cəhətdən hələ ideal vəziyyətdə deyilik. Ancaq ümumi götürdükdə, komandamı istədiyim formada görə bildim. Burda 5 yoxlama görüşü keçirəcəyik. Həmin qarşılaşmalar oyun səviyyəmizi artırmaqda bizə kömək olacaq”.
62 yaşlı mütəxəssis matçın gedişində “Qəbələ” futbolçuları ilə mübahisəyə girişən hücumçuları Conatan Kafunun müdafiəsinə qalxıb. Onun fikrincə, qarşılaşmanın baş hakimi ona qarşı kobudluqlara göz yumub: “Oyun zamanı Kafuya qarşı iki dəfə kobudluq edildi. Həmin vəziyyətlərin birində o, zədə aldı. Bu, çox ciddi problemdi. Mənim fikrimcə, hakim iki dəfə ona qarşı kobudluğa görə cərimə zərbəsi təyin etməli idi”.