[b]Keçmiş məşqçisi Renat Dadaşov haqda: Pul üçün getdiyi açıq-aşkar bəlli idi[/b]
25.06.2017 - 01:10
[b]Keçmiş məşqçisi Renat Dadaşov haqda: Pul üçün getdiyi açıq-aşkar bəlli idi[/b]

“Ayntraxt”ın U-19 komandasının baş məşqçisi Aleksandr Şur millimizin oyunçusu Renat Dadşov haqqında danışıb. Apasport.az saytının məlumatına görə, “Frankfurter Rundschau” nəşrinə açıqlama verən gənc mütəxəssis oyunçumuz haqqında müsbət məqamlara toxunub.

 

“Dadaşov komandaya önümüzdəki çərşənbə günü təqdim olunacaq. Ancaq buna qədər bir sıra məqamlarda dəyişiklik etməlidir. Məsələn özünə yaşayacaq ev tapmalıdır. Çünki artıq “Ayntraxt”ın akademiyasının yataqxanasında qala bilməyəcək. Əslində isə bu, onun üçün yaxşı təcrübə olacaq. 18 yaşında öz ayaqları üstündə durmağı bacarmalıdır” – deyə Şur bildirib.

 

Renatın U-19 komandasından keçmiş baş məşqçisi may ayında klubu ilə yeni – 2020-ci ilə kimi davam edəcək peşəkar müqavilə imzalayan yetirməsinin üstün cəhətlərindən də bəhs edib: “Çox ciddi potensialı və üstün cəhətləri var. “Tipik forvard” anlayışına ən yaxşı uyğun gələn oyunçudu. Topla çox yaxşı rəftar edir. Rəqibin ciddi təzyiqi ilə üzləşən zaman məsuliyyəti üzərinə götürməyi, topla uzun reyd eləməyi bacarır. Qapı qarşısında çox soyuqqanlıdır. Meydanda komanda yoldaşlarını “görməsi” də üstün səviyyədədir. Təsadüfi deyil ki, U-19 komandası ilə son 6 ayda 10 matçda 7 qol vurub və 3 dəfə də məhsuldar ötürmə verib. Xüsusilə də “Kayzerslautern”lə oyunda hesab 0:2 olarkən meydana çıxdı və təkbaşına matçı geri çevirdi. 3 asist və 2 qolla komandaya 5:3 hesablı qələbə qazandırdı. O, bütün komandanı öz arxasınca apara bilmək potensialına sahibdir”.

 

“Rüdeşaymda doğulsa da, Azərbaycan əsillidir. Buna görə də tarixi vətəninin yığmasında oynamağı seçdi. Bununla belə, o, ölkənin ən yaxşı gənc qolçusu idi. Almaniya U-16 və U-17 komandalarında çoxlu qollar vurmuşdu. Qardaşı Rüfət Dadaşov da Azərbaycan yığmasını seçmişdi.

 

Renat 2003-cü ildə “Ayntraxt”da çıxış edirdi, sonradan “Leypziq”ə keçdi. Özü bunu yaxşı məşq şəraitinə görə etdiyini desə də, daha çox pul üçün getdiyi açıq-aşkar bəlli idi. Ancaq orda da çox duruş gətirə bilmədi. İki il sonra idman direktoru ilə mübahisə etdi. Dadaşov haqqında idman prinsiplərinə və sağlamlıq qanunlarına əməl etmədiyi deyilirdi. Bu qış yenidən “Ayntraxt”a qayıtdı. İndi onda ciddi dərəcədə inkişaf hiss olunur. Böyüdü, özünü yetişdirdi, komanda yoldaşlarına özünü təsdiq elətdirə bildi. Əvvəlcə bu, çətin proses olsa da, sonradan hər şey yoluna düşdü. İnanıram ki, o hər gün irəli gedir” – deyə “Ayntraxt”ın keçmiş oyunçusu bildirib.

 

Şur həm də Dadaşovu qarşıda gözləyən çətinliklərdən bəhs edib: “186 sm-lik hücumçu üçün peşəkarlığa keçid o qədər də asan olmayacaq. Daha çox intizamlı olmalıdı. Əgər gəncliyində istedadlı olduğunu göstərməyi bacarıbsa, indi bunu təsdiq etməlidir. Xüsusilə də, əsas komandanın hücumçusu Aleks Mayerdən çox şeylər öyrənə bilər. O, artıq öz yolunu seçib və uğur üçün nə lazım olduğunu çox yaxşı anlayır. Bir dəfə müsahibəsində demişdi ki, onun idealları Zlatan İbrahimoviç və Kərim Benzemadır”.

0