[b]“Qəbələ” “Reyncers”in futbolçusunu icarəyə götürür[/b]
27.06.2017 - 10:00
[b]“Qəbələ” “Reyncers”in futbolçusunu icarəyə götürür[/b]

“Qəbələ” növbəti əcnəbi transferinə hazırlaşır. Apasport.az xəbər verir ki, bu barədə thescottishsun.co.uk saytı məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, “Reyncers”in yarımmüdafiəçisi Endi Hollidey Azərbaycana köçməyə çox yaxındı. Belə ki, “Qəbələ” 26 yaşlı futbolçunun xidmətində maraqlıdı. Şotlandiya klubunun yeni baş məşqçisi Pedro Kayşinya da şotlandiyalı oyunçuya özünə yeni klub tapmağı tapşırıb. Çünki yeni çalışdırıcı onun gələcək planlarına daxil olmadığını deyib. Hollideyə hətta özünə yeni klub tapana qədər 20 yaşadək futbolçulardan ibarət komandada məşq edəcəyi bildirilib.

 

Avropa Liqasında ölkəmizi təmsil edəcək “qırmızı-qaralar” isə onu birillik icarəyə götürmək niyyətindədilər. “Reyncers”də qalmayacağı dəqiq olan Hollidey bu gün Avstriyaya yollanacaq. Belə ki, həmin ölkədə təlim-məşq toplanışında olan “Qəbələ”nin düşərgəsinə qoşulacaq futbolçu rəhbərliklə son danışıqları aparacaq. Tərəflər ortaq məxrəcə gələ bilsələr, Hollidey birillik icarəyə götürüləcək.

 

Qeyd edək ki, karyerası ərzində “Livinqston”, “Midlsbro”, “Uolsoll”, “Blekpul”, “Bredford” kimi klubların formasını geyinmiş Endi Hollidey 2015-ci ildən “Reyncers”də çıxış edir.

0