[b]“Qol buraxmadan qalib gəlməyə çalışacağıq” – “Mladost”un hücumçusu[/b]
29.06.2017 - 17:01
[b]“Qol buraxmadan qalib gəlməyə çalışacağıq” – “Mladost”un hücumçusu[/b]

“Klub, şəhər və bölgə üçün tarixi an yaxınlaşır. Hədəfimiz yalnız növbəti mərhələyə adlamaqdı”. Apasport.az saytının məlumatına görə, bunu “Mladost”un hücumçusu Saşa Yovanoviç deyib.

 

Serbiya klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununda bu gün Bakı “İnter”ini qəbul edəcək.

 

Qarşılaşma öncəsi yerli mətbuata müsahibə verən Yovanoviç azarkeşləri tribunalara dəvət edib: “Azarkeşlərimizdən xüsusi dəstək gözləyirik. Düşünürəm ki, bu gün stadion dolu olacaq, azarkeşlərimiz “12-ci oyunçu” funksiyasını yerinə yetirəcəklər. Onların dəstəyi qələbəmizə təkan verə bilər”.

 

Serbiya millisinin 26 yaşlı futbolçusu ilk qarşılaşmada qol buraxmadan qalib gəlməyi hədəflədiklərini sözlərinə əlavə edib: “Rəqibi taktiki cəhətdən hərtərəfli təhlil etmişik. Baş məşqçimiz bizə “İnter”in futbolçularının individual keyfiyyətlərini izah edib. Matça həm fiziki, həm də psixoloji cəhətdən hazırıq. Doğma azarkeşlərimizin dəstəyi ilə səfər matçı öncəsi qələbə qazanmaq istəyirik. Təbii ki, qol buraxmadan qalib gəlməyə çalışacağıq. Ümumiyyətlə, Avropa Liqasında mümkün qədər irəliləməyə çalışacağıq. Bu, bizim gələcək karyeramıza da müsbət mənada təsir edə bilər”.

 

Qeyd edək ki, “Mladost” – “İnter” görüşü Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

0