[b]Yığmamız Avropa çempionatı üçün heyətini açıqladı[/b]
04.07.2017 - 10:17
[b]Yığmamız Avropa çempionatı üçün heyətini açıqladı[/b]

Atıcılıq üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız 25 m, 50 m, 300 m məsafələrdən hədəfi nişan almada güllə, həmçinin stendin bütün növləri üzrə Bakıda keçiriləcək Avropa çempionatına 20 snayperlə qatılacaq.

 

Belə ki, güllə atıcıları arasında ölkəmizin idman şərəfini cəmi 2 idmançı qoruyacaq. Yeniyetmələrin yarışında Nəzrin Abbaslı, böyüklərin mübarizəsində Ruslan Lunyov sərrastlığını nümayiş etdirməyə çalışacaq.

 

Stend atıcıları arasında isə 18 snayperlə yarışacağıq. Yeniyetmələrin Olimpiya Festivalına lisenziya verəcək aşağı yaş qrupu üzrə çempionatda hədəf önünə Mirmömin Ağazadə, Cavid Həsənov, Aydan Camalova, Vaqif Məmmədov və Sabir Mehdizadə çıxacaqlar.

 

Böyüklər arasında isə Niyaz Ağazadə, Paşa Əhədpur, Əlimirzə Quliyev, Şəfəq Əmrahova, Fuad Qurbanov, Əli Hüseynli, Elvin İsmayılov, Emin Cəfərov, Nurlana Cəfərova, Püstəxanım Məlikova, Tamerlan Məmmədov, Regina Meftahətdinova və Ramil Rüstəmzadə medallar uğrunda dəqiqliyini yoxlayacaqlar.

 

Qeyd edək ki, iyulun 21-də start götürəcək yarış avqustun 4-dək davam edəcək. 

0