[b]“Avropa çempionatında da sözümüzü layiqincə deyəcəyik” - Cavid Qurbanov[/b]
05.07.2017 - 15:20
[b]“Avropa çempionatında da sözümüzü layiqincə deyəcəyik” - Cavid Qurbanov[/b]

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov qadın və kişilərdən ibarət milli komandaların məşqçilər korpusu, üzvləri, həmçinin AVF əməkdaşları ilə görüşüb. Apasport.az saytının məlumatına görə, qurum rəhbəri bu gün baş tutan görüşdə qələbə münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.


O bildirib ki, qadınlardan ibarət millimiz üzərilərinə düşən öhdəlikləri yüksək səviyyədə həyata keçirib: “Biz bu gün İslam Həmrəyliyi Oyunlarının qalibi və dünya çempionatının iştirakçılarıyıq. Qarşıda isə bizi daha böyük və məsuliyyətli yarış - Avropa çempionatı gözləyir. Düşünürəm ki, bu yarışda da öz sözümüzü layiqincə deyəcəyik. Mən federasiya rəhbəri olaraq əlimdən gələn köməyi etməyə hazıram ki, çempionatda yüksək nəticələrdən birini əldə edək. Yalnız burda böyük iş siz voleybolçuların və məşqçilərin üzərinə düşür. Azərbaycan Avropa çempionatına ev sahibliyi edir. Biz Voleybol Federasiyası olaraq bu yarışın təşkilində bacardığımızı edə bilərik, amma əsas qələbədi. Düşünürəm ki, bizim komandamız qələbəyə layiq komandadı. Bir neçə gündən sonra hazırlıqlar başlayacaq. Fikrimcə, hər bir oyunçu Avropa çempionatının məsuliyyətini dərk edir. Buna görə də var gücünüzlə çalışmalısız ki, yüksək nəticə əldə edəsiz. Hər birinizə uğurlar arzu edirəm”.


Qurbanov kişilərdən ibarət yığmanın da gələcəyinə nikbin baxdığını açıqlayıb: “Bu komanda İslamiadada ikinci yerin sahibi oldu. Deyə bilərəm ki, gümüş medallar böyük nəticədi. Yaxın keçmişdə kişilərdən ibarət milli komandamızın belə bir uğuru olmamışdı. Bu qələbə münasibəti ilə sizləri təbrik edirəm. Buna baxmayaraq, Avropa Liqasında komandamızın çıxışı ürək açan olmadı. Bu gün bizim əsas məqsədimiz kişi voleybolunu daha da yüksəltməkdi. Ölkə çempionatında kişi komandalarının sayı ilə bərabər komandaların gücünü də artırmaqdı”.

 

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, eyni zamanda, qadınlardan ibarət millinin baş məşqçisi Faiq Qarayev isə oyunlar zamanı, həmçinin hər zaman komandaların yanında olan Qurbanova təşəkkür edib: “Qadınlardan ibarət yığmamızın qazandığı uğurlar hamımızın uğurudu. Biz yaxın günlərdə Avropa çempionatının hazırlıqlarına start verəcəyik. Qarşıda komandamızı turnirlər, təlim-məşq toplanışları gözləyir. Artıq neçə müddətdi ki,  qadınlardan ibarət milli yığmamız iki komanda şəklində hazırlıqları keçirir. Bu gün komandamızda zədəli oyunçularımız var. Dünya çempionatının seçmə oyunlarında da bizim bir neçə voleybolçumuz zədələr üzündə meydançaya çıxmadı. Bu qarşıdakı  hazırlıq zamanı çalışmalıyıq ki, oyunçularımız daha yaxşı formada olsunlar. Düşünürəm ki, dünya çempionatının seçmə matçlarından sonra komandalar bizimlə oyuna daha ciddi hazırlaşacaqlar. Bizdə buna hazır olmalıyıq”.

 

Görüşdə Avropa çempionatının keçirilməsi üçün görülən və görüləcək işlərdən də danışılıb.

 

Qeyd edək ki, iyulun 22-də Bakıda, 3 gün sonra Göygöldə Avropa çempionatına hazırlıq məqsədi ilə test oyunları keçiriləcək.

 

0