Anatoli Demyanenko: “Simurq”la oyunumuz çox çətin olacaq”
17.04.2008 - 15:51
Anatoli Demyanenko: “Simurq”la oyunumuz çox çətin olacaq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Aleksandr Çertoqanov indi əla idman formasındadır. Onun cəza üzündən “Simurq”la oyunu buraxacağına görə təəssüflənirəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Anatoli Demyanenko deyib. 49 yaşlı ukraynalı mütəxəssis çempionluq uğrunda mübarizə aparan komandanın ötən tur “Olimpik”i məğlub edə bilməməyinin əhval ruhiyyəni korlamadığını bildirib: “Hər şey normaldır. “Olimpik”lə oyundan sonra psixoloji durumda problemin olmasından söhbət gedə bilməz. Böyük üstünlüyümüzlə keçən həmin oyunda vacib xallar itirdik. Bu üstünlüyü qazanan futbolçuların heç birinə irad bildirmək olmaz”. Azərbaycan Premyer Liqasının 22-ci turunda Zaqatalanın “Simurq” klubu ilə qarşılaşacaq flaqmanın çalışdırıcısı rəqibi yaxşı tanıyır. A.Demyanenko rəqibin düşərgəsində olan həmyerlilərinə – baş məşqçi Roman Pokora və oyunçulara da bələddir: “Simurq”un oyununu izləməsəm də, mənə bu komanda haqqında çox danışıblar. Yaxşı, döyüşkən komandadır. Xüsusilə də öz meydanında yaxşı çıxış edir. Çox çətin oyun olacaq. Roman Pokoranı hələ Ukraynadan tanıyaram. Dəfələrlə görüşmüşük. Buna baxmayaraq, rəqib kimi qarşılaşmamışıq. Heç bir yerdə də çalışmamışıq. Demək olar ki, həmin oyunçuların hamısını tanıyaram. Xüsusilə də Mixail Starostyakla Vladimir Mazyarı. Onlar səviyyəli futbolçulardır. Mazyar mən “Dinamo”da işlədiyim vaxt bizim komandada idi. O, əvəzedici komandamızın üzvü olub”.
0