SİZİN REKLAM BURADA

Natalya Məmmədova yenidən Skazka olur - MÜSAHİBƏ

Azərbaycan millisinin voleybolçusu yeni transfer olunduğu Kazan “Dinamo”sunun saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu İsveçrə “Volero”ndan ayrılmasının səbəbini açıqlayıb, Tatarıstan təmsilçisini seçməsindən, planlarından və Azərbaycan yığmasından danışıb.

 

- “Dinamo” ilə müqavilə imzaladıqdan sonra ilk təəssüratlarınız necə oldu?

- Çox xoşdu ki, belə tanınmış klub mənimlə maraqlanıb. Əlbəttə, “Dinamo”nun əvvəllər də mənimlə maraqlandığını bilirəm. Bu hələ “Omiçka”da oynadığım vaxtlarda idi. Amma elə alındı ki, mən məhz indi burdayam və komandanın şərəfini növbəti mövsümdə qoruyacam. Bir sözlə, keçidimdən təəssüratlarım əladı. Bu komandanı təmsil edəcəyimə görə xoşbəxtəm və bununla fəxr duyacam. Çalışacam ki, qazanılması “Dinamo”nun qarşısına qoyulan titulları əldə etməkdə yardımçı olum.

 

- Kazana rəqib kimi gəldiyiniz vaxtları xatırlayırsızmı?

- İlk dəfə bura Krasnodar “Dinamo”sunun oyunçusu kimi gəlmişəm. Onda hələ komandanın öz Voleybol Mərkəzi yox idi. Kazan “Dinamo”su da orta səviyyədə çıxış edirdi. Baxmayaraq ki, artıq Cordan Larson da burdaydı. Məşqçi də Rişad Gilyazutdinov idi. Yəqin ki, bu sizin uğura doğru ilk addımlarınız idi. Mənim isə komanda, şəhər və Rusiya çempionatı haqda ilk təəssüratlarım.

 

- Amma siz Voleybol Mərkəzində də oynamısız. Yeni iş yeriniz haqda nə düşünürsüz?

- Mən bura sonradan artıq “Omiçka”nın heyətində gəlmişəm. Mərkəz çox xoşuma gəlib. Bura çox funksiyalıdı. Terafleks örtüyə malik 2 meydança, yaxşı təchiz olunan tibb mərkəzi, fitnes zal, saunalar hamısı yüksək səviyyədədi. Bu da voleybolçuların rahatlığıdı. Heç nə üçün heç yerə getmirsən. Hər şey yanındadı. Mərkəz haqda əlbəttə ki, çox yüksək fikirdəyəm. Hər komandanın belə məşq bazasına malik olmağı arzuladığını düşünürəm.

 

- Karyeranızın təxminən 1/3 hissəsini Rusiyada keçirmisiz. Demək olarmı ki, siz burda artıq özümüzünküsüz və uyğunlaşmaq üçün vaxt lazım olmayacaq?

- Bəli. Mən dili də bilirəm və burda bir neçə mövsüm keçirmişəm. Yerli çempionat mənə çox yaxşı tanışdı. Bütün nüanslarına bələdəm. Hava şəraitindən də xəbərim var. Adaptasiyaya ehtiyac olmayacaq, hər şey yaxşı olmalıdı.

 

- Transferinizdən öncəyə qayıtsaq, “Volero”nu tərk etmək qərarınızı nə ilə əlaqələndirərdiz?

- Təəssüf ki, ötən mövsüm böyük uğur qazana bilmədik. Buna görə də klub prezidenti yeni mövsüm üçün heyəti gəncləşdirməyə qərar verdi. Müvafiq olaraq da, komandanın qarşısına başqa vəzifələr qoyulacaq. Amma mən qarşıma maksimal vəzifələr qoymaq, güclü komandada çıxış etmək və çox qələbə qazanmaq istəyirəm. Rusiya çempionatında da oynamaq həmişə maraqlıdı. Hərçənd əvvəlki kimi güclü deyil. Amma istənilən halda yenə də İsveçrə çempionatından bir az üstündü. Sürix klubunda əsas hədəfimiz Çempionlar Liqası ilə bağlı idi. Təəssüf ki, onu bir dəfə də qazana bilmədik. Ümid edirəm ki, “Volero” üçün hər şey hələ irəlidədi. Lakin indi mən komandanı dəyişməyə qərar verdim.

 

- Niyə “Dinamo”nu seçdiz? Təşəbbüs kimdən gəldi?

- Klub rəhbərliyi agentimlə danışıq apardı. O da zəng edib, mənimlə maraqlandıqlarını dedi. Agentim məndən soruşdu ki, tibbi baxış üçün Kazana yollanmağa hazırsanmı? Hazır olduğumu, Rusiyaya qayıtmağa sevindiyimi, bu ölkə ilə yalnız müsbət hisslərimin olduğunu bildirdim. Bu ağır çempionatdı. Amma əvəzində çox maraqlı olacaq.

 

- Sizi Moskva “Dinamo”su ilə prinsipial rəqabət gözləyir...

- Bəli, onlar mənə çox yaxşı tanış olan məşqçi ilə güclənib. Heyətlərində çox yaxşı oyunçular var. Yəqin ki, əsas rəqabət də onlarla bizim aramızda gedəcək. Hesab edirəm ki, bizdə də çox güclü komanda toplanıb və çempionatı qələbə ilə başa vurmağa hazırıq.

 

- Siz Zoran Terziçə və onun iş metodlarını yaxşı bələdsiz?

- Mən onunla kifayət qədər çox çalışmışam. 2 mövsüm “Omiçka”da, 1 mövsüm “Volero”da bir komandada olmuşuq. Onun tələblərini bilirəm. Amma Terziçin sərəncamında başqa oyunçular olacaq və onlardan necə istifadə edəcəyi onun işidi. Bizim üçün əsas olan öz komandamız, öz oyunumuza köklənməkdi.

 

- Yeni komandanızdan kimi tanıyırsız? Yəqin ki, ən yaxşı tanıdığınız “Omiçka”da birgə oynadığınız Anastasiya Samoylenko olar.

- Bəli, onu Omsk klubundan tanıyıram. Anastasiyadan başqa, Yekaterina Ulanova ilə Krasnodar klubunda bir yerdə çıxış etmişik. Marina Maryuxniçlə də tanışlığım var. Digərləri də tanışam. Çünki ən azı çempionatda yollarımız kəsişib.

 

- Siz “Volero”da 3 mövsüm çıxış etdiyiniz mövqedə oynamayacaqsız. “Dinamo”da yenidən dioqnal oyunçu kimi çıxış etmək çətinlik yaratmayacaq ki?

- Məşq prosesi və ampluamla bağlı baş məşqçi ilə söhbətimiz olub. O, mənim bacarıqlarımı, hansı mövqedə necə oynadığımı bilir. Çalışdırıcının potensialımdan komandanın xeyri üçün istifadə edəcəyini düşünürəm. Şəxsən məni heç nə qorxutmur, hansı mövqedə olsa oynayaram.

 

- Bu yaxınlarda Azərbaycan millisinə qayıtmısız. DÇ-nin seçmə mərhələsini qrup qalibi kimi başa vurmusuz...

- Bəli, biz bütün oyunları inamlı 3:0 hesabı ilə xeyrimizə bitirdik. Hətta qrupumuzdakı prinsipial rəqibimiz Hollandiyanı da məğlub etdik. Bu qələbəyə çox sevinirik. Çox şadıq ki, hər hansısa əlavə oyun olmadan mundiala vəsiqə qazandıq. Artıq rahat şəkildə Avropa çempionatına hazırlaşacağıq.

 

- Kazanlı azarkeşlər yay fasiləsində sizi Avropa çempionatından başqa hansı turnirlərdə görə biləcək?

- Azərbaycan millisi Avropa çempionatından başqa heç bir turnirdə çıxış etməyəcək. Amma hansısa yoxlama oyunları ola bilər. Əsas məqsədimiz turnirə rahat şəkildə hazırlaşmaqdı.

 

- Belə çıxır ki, avqustun əvvəlindəki təlim-məşq toplanışında “Dinamo” ilə olmayacaqsız?

- Mən yığma ilə Avropa çempionatına hazırlaşacam. Kazana isə yalnız bundan sonra – oktyabrda gələcəm.

 

- Bildiyimizə görə, yeni mövsümdə formanızda qızlıq soyadınız – Skazka yazılacaq...

- Bunu mənə klub rəhbərliyi təklif etdi. Bu soyadı görmək istədiklərini bildirdilər və mən də bunun əleyhinə olmadım.

 

- Buna görə Azərbaycan Voleybol Federasiyası ilə hər hansı çətinlik yaranmayacaq ki?

- Hələ bilmirəm. Həqiqətən də əvvəllər mən öz qızlıq soyadımla çıxış etmək istəyəndə federasiya ilə aramızda problem yaranırdı. Bu həqiqət barədə “Dinamo” rəhbərliyini də xəbərdar etdim. Onlar məni inandırdı ki, federasiya ilə məsələni özləri həll edəcəklər.

 

- Siz yenə 9 nömrəli formada çıxış edəcəksiz?

- Bəli, mən öz 9 nömrəmi sifariş etdim. Mənə dedilər ki, bununla bağlı heç bir problem olmayacaq. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220