Roman Pokora ukraynalı məşqçiləri Azərbaycanda məğlub edə bilmir
18.04.2008 - 11:10
Roman Pokora ukraynalı məşqçiləri Azərbaycanda məğlub edə bilmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Zaqatalanın “Simurq” klubunun ukraynalı baş məşqçisi Roman Pokora 5 ildir güclülər dəstəsində həmyerlilərinin çalışdırdığı komandalara qalib gələ bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, 60 yaşlı mütəxəssis son belə qələbəsini vətənində qazanıb. 1992-2003-cü illərdə Ukraynanın müxtəlif komandaları ilə güclülər dəstəsində çıxış edən R.Pokora som qələbəsini “İliçevets”lə oyunda qazanıb. Həmin vaxt “Aleksandriya”nı çalışdıran “Simurq”un baş məşqçisi 2003-cü il iyunun 1-də həmkarı Nikolay Pavlovun komandasını məğlub etdikdən sonra Ukraynanın güclülər dəstəsində ümumiyyətlə qələbə qazanmayıb. Daha iki oyunda uduzduqdan sonra birinci dəstəyə yollanan komandasından fərqli R.Pokora 2006-cı ildə Azərbaycan Premyer Liqasında həmyerliləri ilə qarşılaşmaq imkanı əldə edib. Lakin ölkəmizdə ukraynalılarla keçirdiyi 6 oyunun heç birində 60 yaşlı mütəxəssis qələbə qazanmayıb. Valentin Xodukinin rəhbərlik etdiyi “İnter”lə 4 (2006/07 – 2:0, 2:1, 2007/08 – 0:2, 3:4), Iqor Nakoneçnının çalışdırdığı “MKT-Araz”la 2 (2006/07 – 0:1, 1:1) görüşdə “Simurq”un baş məşqçisi qələbəsiz qalıb. Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi” ilə qarşılaşacaq zaqatalalıların çalışdırıcısı ölkəmizdə 7-ci dəfə həmyerlisi ilə üz-üzə gələcək. Qeyd edək ki, bakılıların baş məşqçisi Anatoli Demyanenkonun R.Pokora ilə çempionatda son görüşü də 2002/03 mövsümünə təsadüf edib. Həmin vaxt “Aleksandriya”nın baş məşqçisi Kiyevin “Dinamo” klubunda işləyən həmkarı ilə üz-üzə gəlib. Baş məşqçi Aleksey Mixayliçenkonun köməkçisi işləyən A.Demyanenko hər iki oyunda komandasının qələbəsinə sevinib – hər iki oyunda 2:0. Qeyd edək ki, həmin görüşlərin birində indi olduğu kimi Vladimir Mazyar da R.Pokoranın çalışdırdığı komandada yer almışdı.
0