Berti Foqts: “Çox istərdim ki, Braziliya milli komandası Azərbaycana gəlsin”
18.04.2008 - 10:00
Berti Foqts: “Çox istərdim ki, Braziliya milli komandası Azərbaycana gəlsin”
Almaniyalı mütəxəssis Məşqçilər Şurasını yaratmağa ehtiyac görmədiyini söyləyib: “Klubların məşqçiləri ilə görüşüb məsləhətləşəcəyəm. Amma hər biri ilə ayrı-ayrılıqda görüşmək istəyirəm”. İyunun 2-də Andorra ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə yığmanın sükanı arxasında debüt edəcək B.Foqts həmyerlilərini izləmək fikrində deyil: “Andorra sürprizlərə imza atmağa qadir olan komandadır. Bu komandanı öz meydançasında məğlub etmək asan məsələ deyil. Amma mən öz futbolçularımı məşqlərdə izləməyib, qadir olduqlarını biləndən sonra nəsə fikir söyləyə bilərəm”. Avropa çempionatının final mərhələsində Rusiya yığmasının oyununu izləyəcəyini deyən almaniyalı Braziliya ilə görüşmək fikrindədir: “Çox istərdim ki, onlar buraya gəlsinlər və stadiondakı tabloda “Azərbaycan – Braziliya” yazılsın”. B.Foqts jurnalistlərə qarşı münasibətə də toxunub: “Haqlı tənqidin tərəfdarıyam və bundan qətiyyən incimərəm. Amma Nigeriyada olduğu kimi, Azərbaycanda da mətbuat uydurma xəbərlərə, yazılara yer verərsə, o zaman əlaqələrimizi kəsməli olacağam. Azərbaycan komandaları Çempionlar Liqasının ilkin təsnifat mərhələsini adlamaqda çətinlik çəkiblər. Həmçinin Premyer Liqada çıxış edən səviyyəli oyunçuların əksəriyyəti legionerlərdir. Belə olan halda, yığmadan nə gözləyirsiniz? Nəticə qazanmaq üçün vaxt tələb olunur. Mühüm olan ildən-ilə irəli getməkdir. Mətbuat işçilərindən və azarkeşlərdən maksimum dərəcədə səbirli olmağı xahiş edirəm”.
Qeyd edək ki, aprelin 25-də vətəninə qayıdacaq B.Foqts 20 gün orada qalacaq. Mayın 15-də Bakıya qayıdacaq almaniyalı çempionatımızın matçlarını qayıdandan sonra videoyazını izləyəcək.
0