[b]30-cu qələbə ardınca: 80-ci oyun, 40-cı səfər[/b]
17.07.2017 - 15:05
[b]30-cu qələbə ardınca: 80-ci oyun, 40-cı səfər[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək “Samtredia” ilə cavab oyunu “Qarabağ” üçün yubileylərlə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə,  Tiflisdəki qarşılaşma Azərbaycan çempionunun avrokuboklarda 80-ci matçı olacaq.

 

Qitəmiqyaslı turnirlərdə ən çox oyun keçirən Azərbaycan klubu olan Ağdam təmsilçisi indiyədək 79 matça çıxıb. Avrokuboklarda debütü 1996/97 mövsümünə təsadüf edən əyalət klubu “80”ə 21 ildə çatıb.

 

Boris Payçadze adına “Dinamo Arena”dakı qarşılaşma həm də yubiley səfəridi. “Samtredia” ilə Bakıdakı görüş 40-cı ev oyunu kimi tarixə düşmüşdüsə, səfər qarşılaşması rəqib meydanlarındakı 40-cı sınaqdı.

 

Ümumilikdə 80-ci, səfərdə 40-cı matçını keçirəcək Qurban Qurbanovun baş məşqçisi olduğu komanda daha bir yubiley də qeyd edə bilər. Belə ki, indiyədək keçirdiyi 79 matçda 29 qələbəsi olan ağdamlılar “30”un astanasındadı. Çempionumuz qalib gəlsə, 30-cu dəfə avrokubok qələbəsini bayram edəcək.

 

Maraqlıdı ki, “Qarabağ”ın məğlubiyyət sayı da eynidi – 29 yenilgi. Bu isə o deməkdi ki, ağdamlılar üçün səfərdəki uğursuzluq da 30-cu ola bilər.

0