[b]“İnter”in potensial rəqibində itki[/b]
18.07.2017 - 14:00
[b]“İnter”in potensial rəqibində itki[/b]

“İnter”in Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi “Ostersun” ciddi problemlə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İsveç klubu qapıçısı Andreas Anderssonu itirib.

 

“Ostersun” ölkə çempionatının XV turunda “Dyurqarden” üzərində qələbə qazansa da (2:1), azarkeşlər Anderssonun 38-ci dəqiqədə zədələnərək əvəzlənməsinə üzülüblər. Klubun həkimləri 26 yaşlı qolkiperin bir ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar. Bu isə o deməkdi ki, “Ostersun” II təsnifat mərhələsinin ilk matçında 2:0 hesabı ilə məğlub etdiyi “Qalatasaray” səddini keçsə və “İnter” “Fola” önündə eyni uğuru təkrarlasa, Andersson təmsilçimizlə hər iki qarşılaşmanı buraxacaq.

 

Klub prezidenti Daniel Kindberq əllərində yalnız Ali Keytanın qaldığını, bu üzdən yeni qapıçı ala biləcəklərini vurğulayıb.

 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin cavab qarşılaşmaları iyulun 20-də keçiriləcək. İlk görüşdə evdə 1:0 hesablı qələbə qazanan “İnter” həmin gün “Fola” ilə Lüksemburqda üz-üzə gələcək. “Qalatasaray” isə “Ostersun”dan birinci matçdakı sürpriz məğlubiyyətin revanşını almağa çalışacaq.

0