[b]“Qarabağ”da oyunun təşkili xoşuma gəlir” - əfsanəvi qapıçı[/b]
18.07.2017 - 22:57
[b]“Qarabağ”da oyunun təşkili xoşuma gəlir” - əfsanəvi qapıçı[/b]

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Samtredia” – “Qarabağ” oyununu izləyənlər arasında Gürcüstan futbolunun əfsanəvi oyunçusu Otar Qabeliya da var.

 

O, matçın fasiləsi zamanı apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Öncə çempionunuz "Samtredia"nın "Qarabağ"la oyunu ilə bağlı düşüncələrinizi bilmək istərdik...

- Hələ Bakıdakı ilk matçdan sonra hər şey aydın idi. "Qarabağ" 5:0 hesabı ilə qalib gəlməklə cütün taleyini həll etmişdi. Komandanız yaxşı oyuna, güclü heyətə malikdi. Çoxlu səviyyəli legioneriniz var. Bizdə isə legioner azdı. Futbolçularımız gələcək oyunlarda artırarlar. İndi futbolumuzda elə vəziyyətdir ki, Azərbaycandan fərqli sərmayə azdı. Gələcəkdə futbolumuza investisiyanı artırarlar, nəticədə bizdə də legionerlər çox olar.

 

- Gürcüstan çempionunun təmsilçimizə qarşı belə zəif oyununu sizin üçün gözlənilməz olmadı ki? Hər halda, komandanız bizə hətta qol vura bilməyib...

- Zəif deyəndə ki, əvvəl vurğuladığım kimi, sizdə həm maddi vəziyyət yüksəkdi, həm də legioner çoxdu. Onlar "Qarabağ"ın güclü edib. Ancaq 0:5 hesablı məğlubiyyəti prinsipcə, gözləmirdik. Hətta "Arsenal" kimi güclü komanda öz çempionatında 0:8 hesabı ilə uduzub. Futbolda belə nəticələr olur.

 

- Bizim futbolçulardan kimsə diqqətinizi çəkdimi? Heç olmasa nömrələrə əsasən deyərdiniz...

- Kimisə yox, komanda oyununu qeyd edərdim. Futbolçular meydanda düzgün oynayırlar. "Qarabağ" nizamlı, texnikalı komandadı. Bizimkilər bir az zəifdirlər. "Qarabağ"ın sonra güclü rəqiblə necə oynayacağına baxarıq. Əsas odur ki, Azərbaycan xalqı bizim dostumuzdu. Bu, hələ SSRİ dövründən belə olub. "Neftçi"də bütün futbolçularla dost münasibətdəyik.

 

- Yeri gəlmişkən, Azərbaycanın veteran futbolçuları ilə kimlərlə əlaqə saxlayırsınız, dostluq edirsiniz?

- İsgəndər Cavadov, Maşallah Əhmədovla. Sonuncuyla o vaxt əlaqəm vardı. İndi eşitdiyimə görə, başına hansısa xoşagəlməz olay gəlib.

 

- O, artıq xeyli vaxtdır həbsxanadadı...

- Bax, bu, pisdi. Vəziyyəti bilmirik. Belə məşhur futbolçunun, insanın hazırda azadlıqdan olmaması üzücüdü. Əgər vəziyyət belə dəhşətli deyilsə, ona mütləq dəstək, kömək olmaq lazımdı. Mən belə düşünürəm. Köhnə futbolçularınızdan İqor Ponomaryovla da dostluq əlaqələrim var.

 

- Keçmiş qapıçı kimi "Qarabağ"dan olan həmkarlarınıza qiymət verə bilərsiniz?

- Onların işi olmayıb. Nə vaxt olacaq, onda oyunlarına qiymət vermək olar.

 

- Sizcə, gördüyünüz "Qarabağ" Çempionlar Liqasının qrupuna düşmək gücündədi?

- Baxır hansı rəqiblə düşəcək?

 

- Növbəti mərhələdə "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə görüşəcək...

- (düşünür) Baxır bu komandalar necə hazırlaşır.

 

- "Şerif" ilk oyunda evdə 1:0 hesabı ilə qalib gəlib...

- Çətin olacaq. Anacq fikrimcə, komandanız növbəti rəqibini də keçməyə çalışmalıdı. "Qarabağ"da oyunun təşkili xoşuma gəlir. Bir də ki futbolçularınız yaxşı texnikaya malikdi. İstənilən halda, "Qarabağ"a daha güclü rəqiblə oyunda qiymət ermək olar.

0