[b]“Palermo”nun hücumçusu “Qarabağ”a keçir?[/b]
19.07.2017 - 15:02
[b]“Palermo”nun hücumçusu “Qarabağ”a keçir?[/b]

“Qarabağ”ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi “Palermo”nun hücumçusu Karlos Embalo ilə maraqlanır.

 

Xəbərdə bildirilir ki, zədədən yeni döndüyü üçün fərdi məşqlərlə kifayətlənən qvineya-bisaulu forvard karyerasını Azərbaycanda davam etdirə bilər. Çünki qarşısına Çempionlar Liqasının qrup mərhəsinə vəsiqə hədəfi qoyan “Qarabağ” onun transferində israrlıdı.

 

İtaliyalı həmkarlarımız Azərbaycan çempionunun 23 yaşlı oyunçu üçün “Palermo” klubu ilə danışıqlara başladığını yazıblar. “Palermo”nun yaxın günlərdə “Qarabağ”ın təklifini cavablandırması gözlənilir.

 

Karyerasına Portuqaliya klubu “Çaves”də başlayan Karlos Apna Embalo 2013-cü ildə “Palermo”ya transfer olunub. O, ötən 3 il ərzində “Karpi”, “Leççe” və “Breşiya” klublarında icarə əsasında çıxış edib. Keçən mövsüm İtaliya A seriyasında 12 matçda iştirak edən və 620 dəqiqə meydanda qalan Embalo 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Palermo” isə 19-cu yeri tutaraq, B seriyasına yuvarlanıb. Klubla müqavilə müddəti 2020-ci ilə qədər olan futbolçunun əsl mövqeyi sol insayddı. Ancaq Embalo hər iki cinahda çıxış edə bilir.

 

Qeyd edək ki, iki gün əvvəl Nikaraqua mətbuatı “Qarabağ”ın bu ölkənin yığmasına dəvət edilən Xuan Barrera ilə maraqlandığını və keçid üçün 400 min dollar təklif etdiyini yazmışdı.

0