[b]“Yeni transferlərdən tam razı qaldığımı deyə bilmərəm” - Samir Abasov[/b]
19.07.2017 - 18:00
[b]“Yeni transferlərdən tam razı qaldığımı deyə bilmərəm” - Samir Abasov[/b]

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun apasport.az saytına müsahibəsi

 

- Yeni mövsümün hazırlığı sizi qane edirmi?

- Hazırlıq yaxşı gedir. Futbolçuları həddindən artıq yükləyirik. Bu da hazırlıq prosesi müddətində normal vəziyyətdi. Məşq meydançalarımız otelə yaxındı, buna görə vaxt itirmirik. Ümumi götürdükdə normal hazırlaşmaq üçün hər cür şərait yaradılıb.

 

- İlk yoxlama oyununu keçirdiniz. “Osmanlıspor”la matç haqda nə deyə bilərsiniz?

- Maraqlı qarşılaşma alındı. Superliqa təmsilçisi olduğu görünürdü. Səviyyə baxımından fərq var idi. Bu matçda iki heyətdən istifadə etdik. Dəyişiklikləri çox etdik. Ağır məşqlərdən sonra oyunun yükünü bütün futbolçular arasında bölməyə çalışdıq. Kimisi 45, kimisi 65-70 dəqiqə oynadı. Uşaqlar pis təsir bağışlamadılar.

 

- Yeni transferlər komandanın bir hissəsi ola biliblərmi?

- Tam razı qaldığımı deyə bilmərəm. Çünki uyğunlaşma prosesi gedir. Onların komandanın bir hissəsi olmasını tezləşdirmək üçün yoxlama oyunlarını tez-tez keçiririk. “Osmanlıspor”la görüşdə də gördük ki, hələ onların özünə də çətindi. Amma tədricən bu çatışmazlıq aradan qaldırılacaq. Qarşıda daha 3 yoxlama oyunumuz var.

 

- “Sumqayıt”ın Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacağı gün çox uzaqdadı?

- Yeni mövsümdə bunu reallaşdırmağa çalışacağıq. Düzdü, komandanın qarşısına “bunu mütləq etməliyik” deyə bir tələb qoyulmayıb. “Sumqayıt” üçün ilki həyata keçirməyə çalışacağıq. Çətin olacaq. Çünki rəqiblərimiz heyətlərini gücləndiriblər. Xüsusilə də, “İnter” istisna olmaqla, avrokuboklarda çıxış edən komandalarımız heyətlərinə yeni futbolçular cəlb ediblər. Digər komandalar da avrokubok zonasına düşmək istəyindədilər. Bu baxımdan, çətin olacaq. Amma təslim olmaqla heç vaxt barışa bilmərəm, əlimizdən gələni edəcəyik.

 

- Amil Yunanov ötən mövsüm meydana ehtiyatdan daxil olsa da, qol vurmaqla ilk “11-liy”ə layiq olduğunun mesajını verirdi. Yeni mövsümdə necə olacaq, yenə “gizlin qolçu” funksiyasını yerinə yetirəcək?

- Amil Yunanovla bağlı müəyyən problemlər var idi. Ən vacibi futbolçunun bunları başa düşməsidi. Amil istirahətdən əla qayıdıb, məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Bu cür davam etsə, o, bizim əsas hücumçumuz olacaq. Ancaq əvvəlcədən qəti fikir bildirmək olmaz. İndiki məqamda onu əsas heyətdə görürük, amma çempionat oyunlarında necə olacaq, bunu zaman göstərəcək. Onun bu cür istəkli olması, çalışqanlığı bizi sevindirir.

 

- Xidmətində maraqlı olduğunuz, amma keçidinə nail ola bilmədiyiniz futbolçu varmı?

- Belə futbolçular var idi. Xidmətlərində maraqlı olsaq da, komandamıza dəvət edə bilmədik. Bu da bizdən yox, futbolçulardan qaynaqlanan problemlərə görə alınmadı. Kimisinin klubu ilə müqaviləsi vardı, özlərinin gəlməyində problem olan futbolçular da oldu. İndi ad çəkməyim düzgün deyil. Artıq komandanı komplektləşdirmişik.

 

- Klublarımızın avrokuboklardakı çıxışını necə, izləyirsinizmi?

- İlk mərhələdən mübarizəyə başlayan təmsilçilərimiz qələbələr sayəsində mübarizəni davam etdirdilər. “Qarabağ”a gəldikdə, onların növbəti – III mərhələdəki şansını da yüksək qiymətləndirirəm. “Qəbələ” ilk oyunda heç-heçə etməklə işini çətinləşdirib. “Zirə”nin debütant olduğunu nəzərə alsaq, onları başa düşmək olar. Çünki klub olaraq gərək avrokuboklarda təcrübən olsun. Əlimizdən gələn onlara uğur arzulamaqdı, biz də bunu edəcəyik. Ürəyimiz onlarladı. Burda məşqdən sonra hər kəs onlarla maraqlanır. Mübarizəni növbəti mərhələdə davam etdirəcəklərinə inanırıq.

0