[b]“İnter”in potensial rəqibindən növbəti transfer[/b]
20.07.2017 - 12:19
[b]“İnter”in potensial rəqibindən növbəti transfer[/b]

“İnter”in Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi “Qalatasaray” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılılar” bu dəfə yerli oyunçu ilə anlaşıblar.

 

Mövsümlərarası fasilədə Maykon, Bafetimbi Qomis, Yunes Belhanda və Marianonu transfer edən “cim-bom” əzəli rəqibi “Fənərbaxça”nın yarımmüdafiəçisi Volkan Şəni də heyətinə qatıb. Bu yaxınlarda “Fənər”lə yollarını ayıran 30 yaşlı cinah oyunçusu yeni komandası ilə 2+1 illik müqavilə imzalamağa razılıq verib.

 

Onun illik məvacibi 1,5 milyon avro təşkil edəcək. Bundan əlavə, Volkan transfer vərəqəsini almaq üçün “Fənər”ə ödədiyi 1 milyon avronu “Qalatasaray”dan alacaq. Bu keçidin həftə ərzində rəsmən açıqlanması gözlənilir.

 

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray" "Ostersun", "İnter" isə "Fola" ilə cavab matçına çıxacaq. Bu cütlüklərin qalibləri III təsnifat mərhələsində üz-üzə gələcək.

0