[b]“Qəbələ” oynamağa imkan vermədi” – İreniuş Mamrot[/b]
21.07.2017 - 12:02
[b]“Qəbələ” oynamağa imkan vermədi” – İreniuş Mamrot[/b]

“Bu nəticə bizi çox məyus etdi. Bu gün yaxşı oyun göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot deyib.

 

Polşa klubu Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçında “Qəbələ”yə evdə (0:2) məğlub olaraq, mübarizəni dayandırıb. Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Mamrot istədikləri oyunu sərgiləmədiklərini etiraf edib: “Futbolçular meydanda ləng hərəkət edirdilər. Bu gün bizdə qətiyyət, aqressivlik çatmadı, topla  sürətli rəftar edə bilmədik. Yalnız ilk hissənin son 10 dəqiqəsində istədiyimiz oyunu gördük. Həmin an real qol imkanlarımız da oldu, ancaq yararlana bilmədik. Təəssüf ki, rəqib oynamağa imkan vermədi. İlk matçda hesab 1:1 olduğundan, evdə boşluq buraxmaq risk idi. Rəqib isə bundan lazımınca istifadə etdi. İkinci hissədə də futbolçular həvəsdən düşmüşdülər, motivasiya qalmamışdı. Artıq başqa cür oynamalı idik. Ancaq rəqib müdafiədə səliqəli oynadı, kritik anlarda səhv etmədi. Üstəlik, hücumda da çox təhlükəli idilər. İlk qol fərdi səhvlərdən buraxıldı. İkinci topda isə komanda artıq ruhdan düşmüşdü”.

 

Baş məşqçi bu məğlubiyyətlə mükafat əldən verdiklərini də əlavə edib: “Matçdan sonra uşaqlara “başınız dik olsun” dedim, çünki onlar əllərindən gələni etdilər. Hamısı “Panatinaikos”la oynamağı çox arzulayırdı. Üstəlik, başa düşürdülər ki, mərhələ adladıqca mükafatlar da artır. Bu üzdən məyusluğumuz böyükdü”.

 

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.

0