[b]“Şansımız az deyil” - Filip Ozobiç[/b]
25.07.2017 - 11:25
[b]“Şansımız az deyil” - Filip Ozobiç[/b]

“Panatinaikos” təqdirəlayiq tarixi olan bir klubdu. Onların Avropada özünəməxsus keçmişi və ənənələri var”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç deyib.

 

“Qırmızı-qaralar” Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Panatinaikos”la qarşılaşacaq. Oyunöncəsi Yunanıstanın gazzetta.gr saytına açıqlama verən Ozobiç güclü rəqiblə qarşılaşacaqlarını etiraf edib.

 

Xorvatiyalı orta sahə oyunçusu yunanıstanlı azarkeşlərin çılğınlığını xüsusi vurğulayıb: “Panatinaikos” kimi böyük komanda ilə mübarizə aparacağımız üçün şadam. Çox çətin oyun olacaq. Çünki rəqib böyük hədəfləri olan klubdu. Həmçinin güclü azarkeş ordusu da var. Hansı ki, onlar komandalarına kömək etmək üçün tribunalarda maksimum dərəcədə dəstək verirlər. Bilirəm ki, Yunanıstanda hansısa komandaya qarşı oynamaq olduqca çətindi. Azarkeş dəstəyi sayəsində “Panatinaikos” futbolçuları oyuna yaxşı motivasiya ola bilirlər”.

 

26 yaşlı futbolçu “Panatinaikos”la II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları “Yagelloniya”nı da müqayisə edib: “Afinada ən yaxşı oyunumuzu sərgiləməli və qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Bu bizim hədəfimizdi və asan olmayacağını dərk edirik. Bütün çətinliklərə baxmayaraq, hesab edirəm ki, növbəti mərhələyə vəsiqə qazana bilərik. Bundan öncəki rəqibimiz “Yagelloniya” da yaxşı komanda idi. Ancaq “Panatinaikos”un onlardan daha güclü olduğuna şübhə yoxdu. Buna rəğmən bizim də şansımız az deyil”.

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 27-də Afinada baş tutacaq.

0