[b]“Qəbələ”nin Afina sınağı[/b]
26.07.2017 - 13:01
[b]“Qəbələ”nin Afina sınağı[/b]

Sabah Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxacaq.

 

Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”u ilə qarşılaşacaq. Yarışa II təsnifat mərhələsindən başlayan qəbələlilər Polşa “Yagelloniya”sının ardından Ellada təmsilçisini də mübarizədən kənarlaşdırmağa iddialıdı.

 

İlk rəqibini Bakıdakı heç-heçədən sonra səfərdə məğlub edən Roman Qriqorçukun yetirmələri yenə rəqib meydanında qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” Afinadakı görüşdə Yunanıstanın tituluna görə ikinci klubunu məğlub etməyə və ya sərfəli nəticə ilə dönməyə çalışacaq.

 

İki il əvvəl də bu arenada uğur qazanan “Qəbələ” çılğınlığı ilə ad çıxaran “Panatinaikos” fanatları önündə səfər qolları ilə mərhələ keçmişdi. Bakıda qolsuz sülhlə kifayətlənən təmsilçimiz Ellada təmsilçisinin meydanında Dodonun qolları ilə uğur qazanmışdı – 2:2. İki ildə rəqiblərin heyətlərində ciddi islahatlar baş versə də, meydan sahibləri revanş, təmsilçimiz isə uğurunun ardını gətirmək arzusu ilə alışıb-yanır.

 

Ardıcıl 3-cü dəfə qrupa düşməyi hədəfləyən “qırmızı-qaralar” bu istiqamətdə növbəti addımı atmaq üçün afinalıları keçməlidi. Daha güclü rəqiblərlə qarşılaşmaq ehtimalının olduğu pley-offa vəsiqə üçün cavab matçı öncəsi müsbət nəticə əldə edilməlidi. Zədə səbəbindən “Yagelloniya” ilə qarşılaşmalarda çıxış etməyən Baqali Dabonun sıraya dönməsi də təmsilçimizin gücünə əlavə güc qatıb.

 

Qeyd edək ki, Afinadakı görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

 

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

27 iyul

22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan)

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)

Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)

Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)

UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)

Afina. “Apostolos Nikolaidis” stadionu

 

0