[b]“Qəbələ”nin rəqibi “Udineze”nin futbolçusunu alır[/b]
27.07.2017 - 09:58
[b]“Qəbələ”nin rəqibi “Udineze”nin futbolçusunu alır[/b]

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Panatinaikos” heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Ellada təmsilçisi müdafiənin sol cinahına yeni oyunçu cəlb etməyi düşünür.

 

Afinalılar diqqəti “Udineze”nin üzvü Qabriel Silvaya yönəldiblər. “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidis rəhbərliklə söhbətində braziliyalı müdafiəçini ixtiyarında görmək istədiyini bildirib. Bundan sonra hərəkətə keçən yunanlar qarşı tərəflə danışıqlara başlayıblar.

 

“Udineze”nin bu vaxta qədər müxtəlif klublara icarəyə verdiyi Silva 2016/2017 mövsümünün ilk yarısını “Qranada”da keçirib. Qış fasiləsində doğma komandasına qayıdan “sambaçı” mövsümün ikinci hissəsində “Udineze”nin heyətində 5 oyunda forma geyinib.

 

Qeyd edək ki, “Panatinaikos” və “Qəbələ” arasındakı ilk oyun bu gün Afinada, cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək. 

0