[b]“Müdafiədə oturmayacağıq” - Endi Hallidey[/b]
27.07.2017 - 15:33
[b]“Müdafiədə oturmayacağıq” - Endi Hallidey[/b]

“Panatinaikos” yaxşı komandadı, çox təhlükəli oyunçuları var. Buna baxmayaraq, bizim də öz dəst-xəttimiz var və rəqiblə başabaş mübarizə aparmaq iqtidarındayıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Endi Hallidey deyib.

 

Şotlandiyalı futbolçu Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı öncəsi Yunanıstan mətbuatına müsahibə verib.

 

26 yaşlı orta sahə oyunçusu müdafiə olunmayacaqlarını bildirib: “Afinadakı ilk matçı yaxşı keçirmək çox önəmlidi. “Yagelloniya” ilə birinci görüşün nəticəsi revanş matçında işimizi daha da çətinləşdirmişdi. Hesab edirəm ki, daha da irəliləmək üçün kifayət qədər gücümüz var. Səfərdə olmağımıza baxmayaraq, müdafiə futbolu göstərməyəcəyik. Ancaq Azərbaycandakı cavab matçına daha iddialı çıxmaq üçün müdafiədə də diqqətli olmalı və sərfəli nəticə əldə etməliyik”.

 

Bu komandaların 2015-ci ildə Avropa Liqasının pley-off mərhələsindəki duelinə də münasibət bildirən Hallidey həmin görüşlərin heç bir təsir gücünə malik olmadığını əlavə edib: “İki il əvvəl iki fərqli heyət və fərqli oyunçular üz-üzə gəliblər. Biz 2015-ci ildəki matçı düşünmürük. Yeganə hədəfimiz mərhələ adlamaqdı və bunun üçün mübarizə aparacağıq”.

 

Yay fasiləsində “Reyncers”dən icarəyə götürülən Hallidey “Qəbələ”dəki hədəflərindən də söz açıb: “Yeni komandamda hər şey ürəyimcədi. Komanda yoldaşlarımla, məşqçilərlə və azarkeşlərlə münasibətim çox yaxşıdı, şəhərə uyğunlaşmaqda problem yaşamıram. “Qəbələ”nin təklifini qəbul etmək üçün bir neçə səbəbim var idi. Əlbəttə ki, komandanın avrokuboklarda mübarizə aparması seçimimdə müəyyən rol oynadı. Ancaq ən önəmlisi “Qəbələ”nin ilk ölkə çempionluğuna kömək etmək istəyirəm”.

 

Qeyd edək ki, “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” - “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

 

0