[b]“İstədiyim oyunu göstərmədilər” - VİDEO[/b]
28.07.2017 - 10:31
[b]“İstədiyim oyunu göstərmədilər” - VİDEO[/b]

“Hazırlığın ilk mərhələsində 7-8 gün yüngül məşqlər etdik. İkinci mərhələ isə uşaqların fiziki durumunun yaxşılaşdırılmasına hesablanıb”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Klubun rəsmi saytına açıqlamasında komandanın təlim-məşq toplanışını dəyərləndirən Abasov hazırlığın gedişindən razı qaldığını bildirib: “Sumqayıtda 2 yoxlama görüşü keçirdikdən sonra iyulun 14-də Türkiyəyə gəldik. Boluda əsas işimiz futbolçuların taktiki hazırlığının yaxşılaşdırılması oldu. Burdakı şərait də individual məşqlər və ümumi komandanın taktiki vəziyyəti üzərində çalışmaq üçün əlverişlidi. İnanıram ki, bu məşqlərin bizə çox köməyi dəyəcək. 4 yoxlama görüşü planlaşdırmışdıq. Rəqiblərdən ikisi Türkiyə Superliqasının, ikisi isə ərəb klubları olmalı idi. Ancaq burda olarkən “Adana Dəmirspor”dan təklif gəldi, bizim də ürəyimizcə oldu. Plandan əlavə bu görüşə razılıq verməkdə məqsədimiz oyun praktikasından əziyyət çəkən oyunçulara şans vermək idi. Qalır bir yoxlama görüşümüz. “Osmanlıspor”, “Sivasspor” kimi komandalarla qarşılaşmağımız çox yaxşı oldu”.

 

39 yaşlı mütəxəssis yeni transferlərin hələ istədiyi formada olmadıqlarını əlavə edib: “Yeni transferlər özlərini bacardıqları qədər yaxşı tərəfdən göstərdilər. İstədiyimiz oyunçuları komandaya dəvət etdik. Hələ ötən mövsüm bitməmişdən bunun üzərində çalışdıq ki, onları kollektivə tez cəlb edək. Çalışırlar komandaya, ab-havaya tez uyğunlaşsınlar. Deməzdim ki, yoxlama görüşlərində tam istədiyim oyunu göstərdilər. Bunu özləri də başa düşürlər. Çempionat matçlarında yavaş-yavaş kollektivə uyğunlaşıb, “Sumqayıt”ın bir hissəsi olmağı bacaracaqlar”.

 

Baş məşqçi sonda komandanın bu gecə Bolu toplanışını başa vurub, Vətənə dönəcəyini söyləyib. 2-3 günlük istirahətdən sonra “Sumqayıt” məşqlərini davam etdirəcək.

 

0