[b]“Ən böyük məsuliyyət Faiq Qarayevin üzərindədi”[/b]
03.08.2017 - 09:18
[b]“Ən böyük məsuliyyət Faiq Qarayevin üzərindədi”[/b]

Voleybol Mərkəzində Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov AVF-nin və 2017 CEV Avropa çempionatının təşkilat komitəsinin nümayəndələri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, qurum rəhbəri Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladaraq bildirib ki, federasiyanı qarşıda böyük imtahan gözləyir.

 

Onun sözlərinə görə, AVF-də hər bir işçinin üzərinə böyük məsuliyyət düşəcək: “Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatı 80-dan çox ölkəyə yayımlanacaq. Bu yarışı Gürcüstanla birgə keçirilməsinə baxmayaraq deyə bilərəm ki, böyük məsuliyyət Azərbaycanın üzərinə düşür. Çünki 3 qrupun, yarımfinal və final oyunları ölkəmizdə keçiriləcək. Hər birimiz əlimizdən gələni etməliyik ki, yarışda iştirak edəcək idmançılar, qonaqlar, jurnalistlər bizim təşkilatçılığımızdan razı qalsınlar. İnanıram ki, bu yarışı da yüksək səviyyədə keçirəcəyik. Mən və AVF vitse-prezidentləri, AVF işçiləri sizləri maraqlandıra bütün məsələlərə cavab verə bilərik. Bildiyiniz kimi, federasiyanın I vitse-prezidenti Faiq Qarayev həm də qadınlardan ibarət milli komandamızın baş məşqçisidi. Avropa çempionatının başlanmasına az vaxt qalıb. Düşünürəm ki, onu hər hansı təşkilati suallarla narahat etməyək. Çünki ən böyük məsuliyyət Qarayevin üzərindədi”.

 

Qurbanov bildirib ki, məqsəd komandamızın Avropa çempionatında yüksək nəticə əldə etməsidi: “Qızlarımız buna layiqdilər”.

 

Faiq Qarayev də yüksək nəticə əldə edəcəklərinə inam ifadə edib: “Bu imtahanda da yüksək nəticə əldə edəcəyik. İyulda CEV nümayəndələri ölkəmizdə 10 gün səfərdə oldular. Bu səfərin məqsədi Bakıda və Göygöldə test oyunlarının keçirilməsi idi”.

 

Test matçları haqda AVF-nin nəzdində olan Voleybol Regional İnkişaf Mərkəzinin rəhbəri və Avropa çempionatının təşkilatı üzrə məsul şəxs Nərgiz İsmayılova bildirib ki, iyulun 22-də Bakıda Milli Gimnastika Arenasında, 3 gün sonra Göygöldə Olimpiya İdman Kompleksində baş tutan görüşlərdə hansısa problem yaşanmayıb: “Bu oyunlarda məqsəd arenalarda işıqlandırma sistemi, Çelenc sistem, led sistem və digər texniki məsələlər yoxlanıldı. Avropa Voleybol Konfederasiyasından gələn nümayəndələr arenalardan razı qaldılar. İyulun 28-də isə Bakıda Heydər Əliyev Mərkəzində Voleybol festivalı keçirildi. Bu, Avropa çempionatının təbliği məqsədi ilə oldu. Tədbirdə millimizin qızları iştirak etdilər. Belə bir festivalın təşkili üçün Azərbaycan Voleybol Federasiyası CEV-dən təşəkkür məktubu aldı. Məlumat verim ki, online və Bakıda kassalarda bilet satışına da start vermişik. Bu gün üçün hər hansı bir həll olunmayan sualımız yoxdu”.

 

İclasın sonunda təşkilat komitəsinin nümayəndələri çıxış ediblər. Onlarda öz növbələrində bu yarışın Avropa çempionatının keçirilməsində, təşkilati məsələlərdə hər bir köməkliyi edəcəklərini vurğulaıblar.

0