[b]“Növbəti mərhələyə ən yaxşı komanda keçdi” – Marinos Ozunidis[/b]
03.08.2017 - 23:16
[b]“Növbəti mərhələyə ən yaxşı komanda keçdi” – Marinos Ozunidis[/b]

“Növbəti mərhələyə ən yaxşı komanda keçdi. Hər iki oyunda rəqibdən üstün idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Panatinaikos”un baş məşqçisi Marinos Ozunidis deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ”nin qonağı olan Afina təmsilçisi Bakıda da qələbə qazanaraq (2:1), adını pley-offa yazdırıb.

 

Matçdan sonra mətbuat konfransı keçirən Ozunidis komandasından razı qaldığını bildirib: “Daha məhsuldar ola bilsəydik, cütün taleyini vaxtından əvvəl həll etmiş olacaqdıq. Hər iki görüşü yaxşı keçirdik. Bu meydanda oynamaq heç də asan deyildi. Matça yaxşı köklənmişdik. Bir neçə qol epizodundan istifadə edə bilmədik. Halbuki onları dəyərləndirsəydik, işimiz daha asan olardı. Futbolda belədi ki, qol vurmasan, qol buraxırsan. Buna rəğmən, sakitliyimizi saxlaya bildik. Özümüzə güvənərək, oyunu davam etdirdik. Komandamdan razıyam. “Qəbələ” elə də asan rəqib deyil. Bizə qarşı zəif oynamaqlarının səbəbi məhz biz idik. Dünənki mətbuat konfransında dediyim kimi, biz rəqib meydanlarında da qələbə qazanmağı öyrənməliyik. Buna hələ tam hazır deyilik. Ancaq bu gün hər şey ürəyimcə oldu. Buraxdığımız səhvlərin üzərində işləyəcəyik”.

 

- Avtoqol qeydə alınanda hansı hissi keçirdiniz?

- Dediyim kimi, qol vurmasan, sənə qol vururlar. Əsas odu ki, futbolçuların öz sakitliklərini qorudular. Oyuna diktə edən tərəf biz idik. Yekun nəticə də ədalətlidi.

 

- Sağ cinahda dəyişiklik etməyinizin səbəbi nə idi?

- Bunu öncədən düşünməmişdim. Sadəcə, həmin cinahda “Qəbələ”nin futbolçusu yaxşı çıxış edirdi. Buna görə də, əvəzləmə etdim.

 

- “Belə meydanda oynamaq çətindi” deyəndə nəyi nəzərdə tutdunuz?

- Meydançada heç bir problem yoxdu. Səfər meydanında oynamağın çətin olduğunu demək istədim.

0