Berti Foqts: “Lotar Matteus özünəvurğunluqdan əziyyət çəkir”
22.04.2008 - 10:25
Berti Foqts: “Lotar Matteus özünəvurğunluqdan əziyyət çəkir”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Mən elə fikirləşirdim ki, Matteus Almaniya Futbol Federasiyasının xüsusi kurslarında nə isə öyrənib. Amma yenə də Lotar özünəvurğunluqdan əziyyət çəkir”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. 62 yaşlı mütəxəssislə görüşmək üçün Bakıya gələn “Bild” qəzetinin əməkdaşı baş məşqçinin Lotar Matteusla qarşıdurmasına da aydınlıq gətirməyə çalışıb: “Axmaqlıqdır. Lotar millidən kənar qalmasını çox şişirdir. Deyəsən, unudub ki, böyük təzyiqlərə baxmayaraq, onu milliyə mən qaytardım”.
Qeyd edək ki, B.Foqtsun Almaniya milli komandasına rəhbərlik etdiyi dövrdə 3 il yığma komandadan kənarda qalan L.Matteus çalışdırıcının ünvanına ittihamlar sürmüşdü. Almaniya yığmasında hamıdan çox matç keçirən sabiq kapitan baş məşqçinin bilərəkdən onu komandadan kənar qoyduğunu bildirmişdi. Almaniyalı jurnalist onların tezliklə barışacağına inanmır: “Foqts Matteusun cavabını verdi. Foqts indi Azərbaycan millisini, Lotar isə İsrailin birinci dəstə təmsilçisi “Makkabi” (Netanya) klubunu çalışdırır. Onları 1600 km ayırır”.
0