Sabah Azərbaycan kubokunun finalçıları bəlli olacaq
22.04.2008 - 11:02
Sabah Azərbaycan kubokunun finalçıları bəlli olacaq
Bu isə “Xəzər-Lənkəran”ın ardıcıl ikinci il finala çıxması deməkdir. Ağasəlim Mircavadovun çalışdırdığı komanda ötən mövsüm həlledici görüşdə “MKT-Araz”ı məğlub etməklə (1:0) kubokun sahibi olub. 61 yaşlı mütəxəssisi yenidən ukraynalı həmkarı ilə sınaq gözləyir. Məsələ ondadır ki, digər yarımfinal cütündə hər iki paytaxt klubunu ukraynalı mütəxəssislər Valentin Xodukinlə Anatoli Demyanenko çalışdırır. Son finalın iştirakçısı “MKT-Araz”ın baş məşqçisi isə onların həmyerlisi İqor Nakoneçnı olub. A.Mircavadov məşqçilik karyerasında üçüncü dəfə finala çıxır ki, “Xəzər-Lənkəran”la yanaşı, 1993-cü ildə Ağdamın “Qarabağ” klubu ilə də çempionluq və kuboku qazanmaqla “qızıl dubl” edib. Bu dəfə çempionluğu əldən verən “Xəzər-Lənkəran” kubokda titulunu qorumaqla, UEFA kubokunda iştirak etmək əzmindədir. Premyer Liqanın son turunda Qaxda “Simurq”la qarşılaşmada (0:0) iki xal itirməklə, çempionluq şansını xeyli azaldan “Neftçi” isə mövsümü yenə titulsuz başa vurmaq istəmir. Məsələ ondadır ki, 2004-cü ildə kuboku qazanan (həm də çempion olan) flaqman bundan sonra finala çıxa bilmir. 2005-ci ildə “Neftçi”ni ¼ finalda mübarizədən kənarlaşdıran “İnter” finaladək irəliləyərək, sonda “Bakı”ya məğlub olub (1:2). Həmin vaxt “İnter”i Anatoli Konkovun çalışdırdığını nəzərə alsaq, finalda azərbaycanlı mütəxəssislərin rəqibləri bir qayda olaraq ukraynalılar olur və bu, qarşıdurma üçüncü dəfə təkrarlanacaq.

“İnter” – “Neftçi”
Bakı. “Şəfa” stadionu. Saat 17:00
İlk oyun – 2:2

“Xəzər-Lənkəran” – “Qəbələ”
Lənkəran. Mərkəzi şəhər stadionu. Saat 18:00
İlk oyun – 3:1

Qeyd edək ki, Azərbaycan kuboku uğrunda final oyunu mayın 28-də keçiriləcək.
0