Valentin Xodukin: “Mən rəqibin uğursuzluq zolağına düşməsini əldə bayraq tutan mütəxəssis deyiləm”
22.04.2008 - 11:53
Valentin Xodukin: “Mən rəqibin uğursuzluq zolağına düşməsini əldə bayraq tutan mütəxəssis deyiləm”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mən elə məşqçi deyiləm ki, sabahı düşünməklə, başımı yorum. Onsuz da məsul sınaq öncəsi kifayət qədər gərginlik olur”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Onun sözlərinə görə, Azərbaycan kuboku uğrunda cavab yarımfinal oyununda görüşəcəkləri “Neftçi”nin son üç oyunda heç-heçə etməsi arxayınçılığa əsas vermir: “Mən rəqibin uğursuzluq zolağına düşməsini əldə bayraq tutub, arxayınlaşan mütəxəssis deyiləm. Sadəcə, rəqibin güclü və zəif cəhətlərini özüm üçün təhlil edib, meydanda necə zərərləşdirməyi götür-qoy edirəm”. Səfərdə keçirilən ilk oyunda məhsuldar heç-heçə edən (2:2) “İnter” cavab görüşündə müəyyən üstünlük qazanıb. Ancaq ukraynalı mütəxəssis öz meydanında keçiriləcək görüşdə sərfəli nəticəni qorumaq haqda fikirləşmir: “Neftçi” kimi komanda ilə oyunda hesabı qorumaq məqsədilə müdafiədə oturmaq düzgün olmazdı. Çünki sonda bunun acısını çəkə bilərsən. 2:2 hesabına arxayınlaşmaqla, özünü “yandırmaq” olar. Buna görə də hücum edib, qol da vurmaq lazımdır. Hər şey sıfırdan başlayır və şanslar yenə bərabərdir. “Neftçi” ilə cavab matçına qələbə qazanmaq üçün çıxacağıq. Azərbaycan kubokunun finalında oynamaq istəyimiz böyükdür”.
0