[b]“Azərbaycanlı" Kopello finalda[/b]
08.08.2017 - 10:05
[b]“Azərbaycanlı" Kopello finalda[/b]

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının dördüncü günü Azərbaycan idmançılarının start xəttinə çıxması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, kişilərin üçtəkanla uzunluğa tullanma yarışında 2 idmançımız qüvvəsini sınayıb.

 

Onlardan biri milliləşən legioner Aleksis Kopello 16,89 m nəticə göstərərək, təsnifat mərhələsini 7-ci yerdə başa vurub. Bu, Aleksisə final mərhələsində mübarizə aparmaq imkanı verib. Növbəti mərhələyə yüksələn 12 idmançı arasında ən yüksək göstəricini isə amerikalı Kris Benard göstərib – 17,20 m. Həlledici mərhələ avqustun 10-da olacaq.

 

Digər idmançımız Nazim Babayev isə 16,61 m nəticə ilə 14-cü yer tutub və finala vəsiqə verən 12-ci yerdən 5 sm geri qalib.

 

Çəkicatmada qüvvəsini sınayan Anna Skidan 73,38 m nəticə göstərərək. Dünyanın 5-cisi olub. O, yalnız Polşa və Çin idmançılarından geri qalıb. Təmsilçimizi bürünc medaldan cəmi 38 sm ayırıb. Bu növdə dünya çempionu adını isə artıq əfsanələşən Anita Vlodarçik qazanıb. O, rəqiblərini böyük üstünlüklə geridə qoyub – 77,90.

 

Qeyd edək ki, digər atletimiz Hayle İbrahimov avqustun 9-da 5000 m məsafəyə qaçmaqda sürətini yoxlayacaq. 

0