Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının 7-ci gününə yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundiala 4 idmançı ilə qatılan Azərbaycan millisinin son təmsilçisi də yarışı başa vurub.
Üçtəkanla tullanmada çıxış edən milliləşən kubalı Aleksis Kopello final mərhələsində medallar uğrunda mübarizə aparıb. Atletimiz 17 metr 16 santimetr nəticə göstərib. Bürünc medaldan cəmi 3 santimetr geri qalan Kopello mundialı 5-ci pillədə başa vurub. Aleksis daha iki idmançı ilə eyni nəticə göstərsə də, əlavə göstəricilərə görə onlardan birindən öndə, digərindən geridə qərarlaşıb.
Bununla da Kopello çempionatdakı ən yaxşı təmsilçimiz Anna Skidan kimi 5-ci yerlə kifayətlənib. Digər iki idmançımız - üstəkanla tullanmada Nazim Babayev, 5000 metr məsafəyə qaçmaqda isə Hayle İbrahimov final mərhələsinə çıxa bilməyib.
Yarışın 7-ci günü azərbaycanlı atlet Ramil Quliyevin uğuru ilə əlamətdar olub. 2011-ci ildə ölkəmizi tərk edən və 2013-cü ildən Türkiyə yığmasının şərəfini qoruyan sprinter 200 metr məsafəyə qaçışda fərqlənib. O, bütün rəqiblərini arxada qoyaraq tarixi uğura imza atıb. Məsafəni 20,09 saniyəyə qət edən qaçışçımız ən yaxın izləyicilərini 0,02 saniyə qabaqlayıb.
Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Quliyev həm də bunu bacaran yeganə azərbaycanlı olub. Qızıl medal qazanan həmyerlimiz çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub. Azərbaycan bayrağına bürünən Ramil təmsil etdiyi ölkənin rəmzini də əllərinə saxlayıb.