[b]“Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi” – dünya çempionu[/b]
11.08.2017 - 10:00
[b]“Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi” – dünya çempionu[/b]

“Xoşbəxtəm. Karyeramda ən yaxşı uğura imza atdım. Bunu bacaracağıma inanırdım.”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet Ramil Quliyev deyib.

 

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatı Ramil Quliyevin uğuru ilə əlamətdar olub. 2011-ci ildə ölkəmizi tərk edən və 2013-cü ildən Türkiyə yığmasının şərəfini qoruyan sprinter 200 metr məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyaraq, tarixi uğura imza atıb. Məsafəni 20,09 saniyəyə qət edən qaçışçımız ən yaxın izləyicilərini 0,02 saniyə qabaqlayıb.

 

Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Quliyev qələbə sevincini bölüşüb: “Atmosfer gözəl idi. Yarışa baxmağa çoxlu insan gəlmişdi. Tribunalar dolu idi və bu bizi xoşbəxt edirdi. Mənim üçün inanılmaz yarış oldu. Useyn Boltun da bu turnirdə iştirak etməsini istərdim, amma olmadı. O, karyerasını bitirdi. Boltun gedişindən sonra qələbəyə inamımız artıb (gülür). Useyn getdi, yerinə başqa idmançılar gəlir. Sıra bizdədi, inşallah, daha yaxşı olar”.

 

Ramil Boltun yoxluğunda da yarışın çətin keçdiyini bildirib. Qələbədən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vuran atlet bu barədə də danışıb: “Bütün rəqiblərim yaxşı hazırlaşmışdılar. Kim güclü idisə, o da qələbə qazandı. Azərbaycan bayrağı ilə dövrə vurmaq arzum idi və bunu etdim. İnanıram ki, gələcəkdə daha artığını edə bilərəm. Dünya çempionatındakı nailiyyət növbəti mövsüm üçün mənə əlavə güc verir. Növbəti hədəfim olimpiada medalı qazanmaqdı”.

0