[b]Klublar Komitəsinin sədri: “Qarabağ”a şərt qoyulub ki...[/b]
11.08.2017 - 12:38
[b]Klublar Komitəsinin sədri: “Qarabağ”a şərt qoyulub ki...[/b]

“İclasımız çox maraqlı keçdi. Gündəmdə 4 məsələ var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Klublar Komitəsinin (KK) sədri Kamran Quliyev deyib.

 

Bu gün AFFA-nın inzibati binasında KK-nin növbəti iclası keçirilib.

 

Toplantıdan sonra açıqlama verən Quliyev müzakirə olunan məsələlər haqda danışıb. O, “Kəpəz” və “Səbail”in üzləşdiyi stadion problemi haqda fikir mübadiləsi apardıqlarını deyib: “İlk növbədə, çempionatla bağlı müzakirə apardıq. Bildiyiniz kimi, bəzi klubların hazırda stadion problemi var. Bu, onların stadionunda gedən təmir işləri ilə bağlıdı. İclasda da aydınlaşdı ki, digərləri həmin klublara birmənalı şəkildə dəstəkdilər. Çıxış yolu kimi digər stadionlarda ev oyunlarını keçirməkləri fikri söylənildi. Hazırda “Kəpəz” və “Səbail” klubları öz stadionlarında oynaya bilmirlər, təmir işləri aparılır. Daha dəqiq məlumat bir neçə gündən sonra veriləcək, çünki danışıqlar gedir. Təmir müddətində ev oyunlarını başqa stadionlarda keçirəcəklər. Onların ilk dövrədəki bütün görüşlərinin səfər meydanında baş tutması variantı, böyük ehtimalla, həyata keçməyəcək. İnşallah, həm “Kəpəz”, həm də “Səbail” çıxış yolunu tapacaq”.

 

Quliyev iclasda müzakirə edilən digər məsələlərə də toxunub: “Peşəkar Futbol Liqası bu günlərdə yeni qərar verdi. Bu mövsümdən oyunun iştirak ərizəsinə 23 futbolçunun adı salınacaq. Klublar belə bir təklif irəli sürdülər ki, gənclərin inkişafı üçün əsas heyətə olmasa belə, “23-lüy”ə 19 yaşlı 2 oyunçunun da adı daxil edilsin. Düşünürük ki, onlar ehtiyatda qala-qala sonra 21 yaşadək futbolçu kimi çıxış edənin yerini tuta bilərlər.

Bundan başqa U-19 Liqasında formatın dəyişməsi ilə bağlı müzakirə apardıq. Bu təklifi AFFA verib. Təklif ondan ibarətdi ki, 19 yaşadək futbolçuların çempionatında UEFA-nın qoyduğu standartlara uyğun yaş limiti tətbiq olunsun. Bildiyiniz kimi, bu il U-19-ların çempionatının qalibi “Qarabağ” olub və 1998-ci ildə doğulan futbolçularla təmsil edilib. Çempionlar Liqasına qatılacaq “Qarabağ”a şərt qoyulub ki, U-19-u 1999-cu il təvəllüdlü futbolçular təmsil etsin. Bu, böyük problem yaradır. Çünki 1 il ərzində püxtələşmiş kollektivdə dəyişikliklər olacaq. Odu ki, çempionatda da UEFA-nın qoyduğu tələb yerinə yetirilməlidi. Klublar 1 həftə ərzində AFFA-nın təklifi ilə bağlı rəy bildirəcəklər. Düşünürük ki, bu ayın sonuna qədər məsələ ilə bağlı qərar qəbul ediləcək”.

 

İclasda müzakirə olunan sonuncu məsələ isə ölkə xaricində doğulmuş və çıxış edən azərbaycanlı futbolçularla bağlı olub: “İstəyirik ki, Azərbaycanla bağlılığı olan insanlara ölkə çempionatında çıxış edərkən hansısa güzəştlər edilsin. Söhbət milli komandadan getmir. Əgər Azərbaycanla bağlılığı olan, lakin Rusiya, Ukrayna və ya Türkiyədə yaşayan futbolçular bizim klublara dəvət edilirsə, çempionatımızda çıxış etdikləri müddətdə legioner sayılmasınlar. Bu, bir təklifdi. Bu mövsüm olmasa da, növbəti çempionatda bunun tətbiq edilməsini istəyirik. Yadınızdadısa, vaxtilə Türkiyənin II liqasında azərbaycanlı futbolçular legioner statusu daşımırdılar. Avropanın nəhəngi olan İspaniya da ispandilli ölkələrə belə güzəştlər edir. Reallığı anlayırıq. Təbii ki, Azərbaycana dəvət olunan oyunçu yüksək səviyyəli olmalıdı ki, ona bu güzəşt tətbiq edilsin”.

0