[b]“Bu, karyeram üçün düzgün addım idi” - Yelizaveta Səmədova[/b]
11.08.2017 - 16:47
[b]“Bu, karyeram üçün düzgün addım idi” - Yelizaveta Səmədova[/b]

Milli komandamızın voleybolçusu Yelizaveta Səmədova azarkeşlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, o, Voleybol Federasiyasının feysbuk səhifəsinə hazırkı durumu və Avropa çempionatı barədə danışıb.

 

- Azərbaycanda yaşamaq nə qədər rahatdı? 
- Azərbaycana 17 yaşımda gəlmişəm. Amma tək yox, Ukraynadan gələn bir neçə nəfər idik. Ona görə də həmin qızlarla tək məşqlərdə yox, zaldan kənarda da bir yerdəydik. Bu üzdən də yeni mühitə uyğunlaşmağa heç bir problem olmadı.

 

- Millidə oynamaq təklifini hansı səbəblərdən qəbul etdiz? Əsas səbəblərdən biri pul idimi?
- Bakı klubu ilə danışıqlarımız çox çəkdi. Hətta Bakıya baxışa gəlmişdik. Düzünü desəm, rastlaşdığım şərait, zal, burada oynayan voleybolçular məni valeh etdi. Vətəndaşlığa gəlincə, valideynlərimlə çox fikirləşdik və Azərbaycana üstünlük verdik. Gələcək karyeram üçün bu düzgün bir addım idi. O ki qaldı pula, hər bir klubun oyunçuları maaş alır, mənim də öz maaşım var idi.

 

- Avropa çempionatında əsas hədəfiniz nə olacaq?
- Hədəflərimiz çox yüksəkdi. Avropa çempionatına ciddi hazırlaşırıq və inanıram ki, yaxşı nəticəyə nail ola bilərik.

 

- Yeni klubunda əsas heyətdə olacağına inanırsız?
- Çox şadam ki, belə güclü çempionatda (İtaliya A seriyasında) oynayacam. Çətin olacaq, amma çalışacam ki, özümü və ölkəmi layiqincə təmsil edim.

 

- Niyə “Modena”nın təklifini qəbul etmədiz? Məncə, “Modena” daha güclü klubdu. Rəqabətdən çəkindiniz?
- “Modena” bu il o qədər də güclü deyil. Bəli, onlardan da təklif var idi. Amma ailəmlə və menecerimlə məsləhətləşib, “Skandiççi”ni seçdim.

 

- Niyə “8 nömrə”ni seçmisiz?
- Adətən, mən “3 nömrə” altında oynayıram. Amma həmin nömrə artıq alınmışdı deyə “8”i seçdim.

 

- Bu vaxta kimi işlәdiyiniz baş mәşqçilәr arasında ən çox sevdiyiniz mütəxəssis hansıdı?
- İlk məşqçim Andrey Anatolyeviç Onipka.

 

- Karyeranızda sonradan təəssüfləndiyiniz addım atmısız?
- Yox və ümid edirəm ki, olmayacaq.

0