[b] “Gizlədəsi bir şey yoxdu” – Qurban Qurbanov[/b]
11.08.2017 - 23:10
[b] “Gizlədəsi bir şey yoxdu” – Qurban Qurbanov[/b]

“Yeni mövsümün başlaması münasibətilə hamını təbrik edirəm. Düşünürəm ki, yeni çempionat daha da maraqlı keçəcək”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün açılış matçında “Neftçi”nin qonağı olan Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.

 

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov bunları deyib: “Çox yaxşı komandaya qarşı oynadıq. Derbi idi. Bu cür görüşdə qalib gəlmək bizim üçün xoşdu. Futbolçuların hər birindən razı qaldım. Bundan sonra “Kopenhagen”lə oyuna hazırlaşacağıq. Bizim üçün vacib görüşdü”.

 

- Zədələnən Kintananın durumu necədi?

- Həmin ayağından zədələndi. Əməliyyat olunan yer deyil. Özü də elə hiss edir. Ayağının bir qədər arxa tərəfindən zədə aldı. Ağrı olduğu üçün davam etdirə bilmədi. Sabah dəqiq biləcəyik.

 

- “Kopenhagen”in məşqçisi tribunada idi. Bu gün oyun planında nəyisə gizlətdinizmi?

- Biz hələ optimal formada deyilik. İkinci hissədə top itkilərimiz çox oldu. Gizlədəsi bir şey yoxdu. Bütün oyunlarımıza baxırlar. “Neftçi” ilə görüş bizim üçün vacib idi. “Kopenhagen”lə qarşılaşmalarda kiçik dəyişikliklər olacaq. Rəqib fərqli üslubda oynayır. Qarşıdakı günlərdə hazırlığımızı buna uyğun qurmalıyıq.

 

- Rəşad Sadıqov “Kopenhagen”lə Bakıdakı matça hazır olacaq?

- Hazır olmaq ehtimalı çoxdu. Onun kimi, Miçel və Almeydanın da həmin görüşə hazır olacağını gözləyirik.

0