[b]Ev sindromu[/b]
12.08.2017 - 15:01
[b]Ev sindromu[/b]

“Neftçi” “Qarabağ”la çempionatda keçirdiyi ev oyunlarında sindromla üzləşib. Apasport.az saytının məlumatına görə, yeni mövsümün I turunun 8-ci km qəsəbə stadionundakı oyununda 1:3 hesabı ilə uduzan bakılılar ardıcıl 4-cü dəfə ağdamlılarla ev oyununu xalsız tərk edib.

 

“Ağ-qaralar” sonuncu dəfə 2015/16 mövsümünün ilk ev oyununda “Qarabağ”a qalib gəlib. Həmin 1:0 hesablı qələbədən sonra qonaqlar xal itkisi görməyib.

 

2015/16 mövsümünün ikinci səfərində 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ötən çempionatda rəqib meydanında “Neftçi”ni 2 dəfə üstələyib. Bu dəfə də qələbələr üçün 2 qol yetərli olub – 2:0, 2:1.

 

Əslində, “Neftçi” “Qarabağ”la ev matçlarındakı çətinliyi 2012/13 mövsümündən başlayıb. Həmin vaxtdan indiyədək 11 dəfə rəqibini qəbul edən paytaxt təmsilçisi yeganə qələbəsini 2015-ci il noyabrın 29-da əldə edib. Söhbət 2015/16 mövsümündəki son qələbədən gedir. Bu təxminən 5 il ərzində qonaqlara 9 dəfə uduzan “ağ-qaralar” 1 dəfə də bərabərliklə kifayətlənib.

 

Bakı klubu hətta çempion olduğu 2012/13 mövsümündə hər iki ev matçında əyalət təmsilçisinə uduzub – 0:1, 1:2. Növbəti çempionatda evdə 1 xalla kifayətlənən (0:0, 1:4) komanda 2014/15 mövsümündə də azarkeşlərini üzmüşdü – 1:3, 0:1.

 

Qeyd edək ki, 11 matçlıq sindromdan öncə “Neftçi” ardıcıl 3 dəfə ev oyununda rəqibinə qalib gəlmişdi.

0