[b]“Ona bunu etməyiblərsə, deməli, şəxsi ədavəti olub” – Çingiz Hüseynzadə[/b]
15.08.2017 - 14:45
[b]“Ona bunu etməyiblərsə, deməli, şəxsi ədavəti olub” – Çingiz Hüseynzadə[/b]

“Dünyada ilk dəfə bir azərbaycanlı - Ramil Quliyev dünya çempionu oldu. Onu Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təbrik etdilər”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib.

 

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında mətbuat konfransı keçirən qurum rəhbəri Londonda dünya çempionu tituluna yiyələnən Ramil Quliyevlə bağlı məsələyə aydınlıq gətirilib. O, 27 yaşlı atletin Azərbaycan yığmasından imtinasını belə əsaslandırıb: “Nəticələrinə baxdıqda Ramilin mükafat qazanacağını görürdük. Onunla razılaşdıq ki, çempion olacağı halda Azərbaycan və Türkiyə bayrağını birgə qaldıracaq. Bu səbəbdən də bayrağımızı ona verdik. O da sevincini hər 2 ölkənin bayrağı ilə qeyd etdi”.

 

Hüseynzadə 6 il öncə Quliyev haqda dediklərini təkzib etmədiyini də açıqlayıb. O bildirib ki, əvvəlki dünya çempionatlarında və ya Rioda nəticələri ilə bağlı suallar verildikdə bunu cavablandırıb: “Atletika fərdi idman növüdü. Burda hazırlıq mühüm rol oynayır. Bəli, demişəm ki, Rio-de-Janeyroda nəticəsi olmayacaq, olmadı da. O, 2015-ci ildən uğur qazanmağa başladı. Bu məsələnin bir idman tərəfi var, bir də mənəvi. Ramil yeganə idmançı olub ki, 19 yaşında heç bir nəticəsi olmadan cənab prezident tərəfindən evlə təmin edilib. Bu federasiyanın təqdimatı ilə olub. O, “Neftçi”də həmin dövr ən yüksək maaş – 3 min manat alan idmançı olub. Türkiyədə də müsahibəsində klubdan əmək haqqı aldığını deyib. Bunları da araşdırmaq lazımdı. Yəni federasiya pul ödəmir. Atletika güləş, ya boks deyil. Məşq üçün stadionlar lazımdı. Bizim çətinliklərimiz budu. Hazırlığı adətən məcburiyyətdən xaricdə keçirik”.

 

O, Layeş Abdullayeva ilə bağlı “Guardian” jurnalında dərc olunan yazıya da münasibət bildirib. Hüseynzadə bildirib ki, bu mətbuat orqanında Avropa Oyunları zamanı da Azərbaycana “çirkab atırdılar”: “Bu nəşrdə bizimlə bağlı 417 məqalə dərc edilib. Bildiyiniz kimi, Bakı-2015-də onlara akkreditasiya verilməmişdi. Buna rəğmən də çirkli şeylər yazmaqda davam edirlər”.

 

Federasiya rəhbəri vurğulayıb ki, bu nəşrin cavabını yerli jurnalistlər verməlidi. O, bunu Layeşin federasiya ilə deyil, klubla müqaviləsinin olması ilə əlaqələndirib: “Mənim 7 min dolları mənimsəməyimə gəlincə, onun bizimlə deyil, klubla razılşaması vardı. Ona mükafatı nazirlik verib. Bu pulu mən mənimsəyə bilmərəm. Ola bilər ki, Bakıda kiminsə ona borcu olsun və bunun bizə aidiyyəti yoxdu. Həm də onun kifayət qədər pulu var və vətəni Efiyopiyada biznes qurub”.

 

O, Azərbaycan güləş və qılıncoynatma federasiyaları ilə bağlı da danışıb. Bildirib ki, pəhləvanların çətinlikləri aradan qaldırılıb. Qılıncoynatmada isə tezliklə çətinliklərə son qoyulacaq.

 

İlk dəfə dünya çempionatna 5 idmançı ilə yollandığımızı, lakin atletimizin biri zədələndiyi üçün 4 idmançı ilə təmsil olunduğumuz yarışdan razı qaldığını vurğulayıb. O, yalnız Hayle İbrahimovun nəticəsini uğursuz adlandırıb: “Aleksis Kopello və Anna Skidan 5-ci oldular. Bu o deməkdi ki, onlar finala kimi irəliləyib. Nəticə mütəxəssilər tərəfindən yüksək qiymətləndirilib. Nazim Babayev isə gəncdi və uğurları qarşıdadı”.

 

O bildirib ki, ağırlıqqaldıran Nicat Rəhimov ailə probleminə görə Qazaxıstana yollanıb və bu da idmançının inkişafına səbəb olub: “Hara getsə yenə azərbaycanlıdı. Biz onunla fəxr etməliyik. Nizami Paşayev Ukrayna məktəbi görməsəydi, gəlib burda 3 dəfə dünya çempionu ola bilərdimi? Gedənlər necə məni qovublar deyə bilər? Necə olur ki, digər idmançılara şərait olur, onlara yox? Başqasına yaradılan şərait ona da yaradılıb. Əgər ona bunu etməyiblərsə, deməli, şəxsi ədavəti olub.

 

Ramil dedi ki, Bakıda şərait yoxdu. Federasiya kimi onu “Fənərbaxça”ya biz göndərdik. Onlar pul vermək istəsələr də, nə biz, nə də “Neftçi” buna ehtiyac duymadı. O, Bakıya ölkə çempionatında çıxış etməyə gəlirdi. Biz 1 il sonra xəbər tutduq ki, Ramil Türkiyə vətəndaşlığını qəbul edib. Həmin vaxt onun keçidinə rahatlıqla icazə versəydik, bizi qınayacaqdılar. Mən təkrar edirəm ki, o, 6 il öncə fərarilik edib. Bunun dünya çempionluğuna dəxli yoxdu”.

 

Hüseynzadə Ramilin ilk məşçisinin Tofiq Əliyev olduğunu deyib: “Bu mütəxəssis ona görə mükafat və "əməkdar məşqçi" adını alıb. Amma Ramil bunları heç yerdə demir. O, burda ev aldığənı və ya mükafatlarını da deməyib. Mən hər şeyi demək istəmirəm. Ramil qəhrəmandi və onu elə qəbul edirik. Nicatı da Olimpiya çempionu kimi”.

 

O, sözlərinə Ramilin qayıtmayacağını da əlavə edib. Hüseynzadənin sözlərinə görə, özü istəsə belə Türkiyə onu buraxmayacaq: “Ramil hələ 15 yaşı olarkən Moskvada rus diaporasının təşkil etdiyi yarışda iştirak etdi. O da Rusiyanı istəyirdi. Lakin Rusiya tərəfi bizim federasiya ilə promlemin yaranmasını qəbul etmədi. Bu səbəbdən də onun Rusiyaya getməsi alınmadı. Ramildən öncə isə anası və qardaşı Türkiyəyə yollanmışdı”.

 

Hüseynzədə bildirib ki, Ramilin atası Eldar Quliyevin federasiyadan heç bir narazılığı var: “Düzdü, onun da prinsipləri başqa idi. Nazirin yanına getmişdi. 7 il öncə ilə indi eyni deyil. Bütün bunları araşdırmaq lazımdı. Onu qaytarmaq üçün biz nə etməliyik? Türkiyə Atletika Federasiyasına müraciət etməliyik. Amma hamı yaxşı bilir ki, onlar bunu qəbul etməyəcək. Bəlkələrlə danışmayaq. Bəlkəni əkiblər, bitməyib. O, özü bizə müraciət etməlidi. Yığmaya gələn idmançılar da özləri bizə müraciət etməlidi. Biz kiməsə bunu demirik. Maaşa gəlincə, hər birinə sıfır manat deyirik. Gəl özünü göstər, əmək haqqını al”.

 

Eyni zamanda, MOK-un vitse-prezidenti olan Hüseynzadə bildirib ki, Quliyevlə bağlı hansısa probleminin olmadığını da deyib: “Bu məsələlər şiirdirilib. Mən Türkiyəyə getdikdə onunla görüşürəm və ya o bura gəlib hazırlıq keçir. Məsələn, İslam Həmrəyliyi Oyunları üçün burda məşqlər keçdi. Çalışdırıcısı tez-tez Bakıda olur. Bu səbəbdən hansısa problemdən söhbət gedə bilməz”.

 

Qeyd edək ki, 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edən Quliyev Azərbaycan millisindən getməsini ona federasiyada lazımı dəstəyin göstərilməməsi ilə əlaqələndirmişdi. O, Pekin-2008-də ölkəmizi, Rio-2016-da “ay-ulduzlular”ı təmsil edib. Ramil dünya çempionu tituluna yiyələnənədək 200 m məsafəyə qaçışda 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qızıl, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc medalına sahib olub. 

0