[b]Maksim Medvedev: Bu səs tüklərimizi biz-biz etdi - MÜSAHİBƏ[/b]
15.08.2017 - 22:50
[b]Maksim Medvedev: Bu səs tüklərimizi biz-biz etdi - MÜSAHİBƏ[/b]

UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyununda “Kopenhagen”i məğlub edən “Qarabağ”ın müddafiəçisi Maksim Medvedev matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunu haqda nə deyə bilərsiniz?

- Çox ağır oyun oldu. Rəqibin heyətində yüksək səviyyəli futbolçular yer alıb. Çalışdıq, mübarizə aparaq. Rəqibi 3 gün idi analiz edir, keçirdikləri oyunların videoyazılarına baxırdıq. Bu, tarixi bir şansdı, əldən qaçırmaq istəmirik. Tək biz yox, bütün ölkə meydanda idi. Çempionlar Liqasının himni ilk dəfə stadionumuzda səslənən zaman azarkeşlərin çıxardığı səs tüklərimizi biz-biz etdi. Onlara təşəkkür edirik. Cavab oyununda da Avropadakı azarkeşlərimizin bizə dəstək olacaqlarına inanırıq.

 

- İkinci hissədə ikinci qolu gözləyirdik. İmkanlar da oldu. Amma kənardan baxanda sanki sizə bu hesab sərf etdiyindən ehtiyatlı oynayırdınız?

- Oyundan əvvəl sual versəydiniz, heç-heçəyə də razı ola biləcəyimizi deyərdikk. Amma bu gün 1:0 hesabı ilə qələbə qazandıq. Çalışırdıq qol buraxmayaq. Düzdü, fərqi artıra bilərdik, qapıçıları 3 epizodda yaxşı oynadı.

 

- Birinci hissədə rəqibin heyətində yer alan Benqtssonla mübahisəniz oldu. Bu cür hal sonra da davam etdi. Oyunun gedişində sanki sizi təxribata çəkirdilər?

- Onlar təcrübəli futbolçulardı. Bilirlər ki, emosinonal futbolçularımız var, təxribata gedə bilərik. Lakin matçdan əvvəl baş məşqçimiz bunu bizə demişdi.

 

- Yəni rəqibin bu “silahın”dan xəbərdar idiniz?

- Əlbəttə, bilirdik. Skandinaviya ölkələrri hər zaman belə olub. Çalışırdıq vərəqə almayaq. O tuturdu, mən tuturdum, beləcə oyunu başa çatdırdıq.

 

- Danimarkada bu azarkeşlər olmayacaq. Rəqib azarkeşlərin yaradacağı atmosfer oyununuza necə təsir edəcək?

- Öz gücümüzlə, əziyyətimizə bu yerlərə gəlmişik. Bütün respublikamız bilir ki, səfərə “vuruşmağa” gedirik. İnanıram ki, Avropadakı azarkeşlərimiz bizi yalqız qoymayacaqlar. Onlar hətta “odnoklassnik”də bizə müraciət edirlər ki, bilet verin, stadiona gələk. Avropada türklər, Azərbaycanlılar çoxdu. Onları gözləyirik.

 

- Qrup mərhələsi sevincini Bakıda qeyd etmək daha maraqlı olardı...

- Bu hər birimizin arzusudu ki, qrup mərhələsində oynayaq. Amma mərhələ 2 oyundan ibarətdi. Bizi daha çətin oyun gözləyir. Çempionlar Liqasının himni səsləndirilibsə, davamı gəlsə yaxşı olar.     

0