SİZİN REKLAM BURADA

Müstəqilliyin ilk addımları: Mundialda uğurlu debüt - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Voleybol: tarixi zəfərlər və gələcəyə baxış. Prioritetlər: Azərbaycanda voleybolun ənənələri, inkişaf mərhələləri və klub voleybolunun tənəzzülü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Ölkə voleybolunu daim diqqətdə saxlayan “apasport” “Azərbaycan voleybolu: Müstəqilliyin 25 ili” layihəsinin növbəti yazısında keçid dövrünü nəzərdən keçirəcək. Bu dəfə SSRİ-nin dağılmasından sonrakı vəziyyətə, federasiyanın yaranmasına, voleybolumuzun ilk müstəqil addımlarına, milli komandanın formalaşmasına və onun ilk ciddi sınağını diqqət ayıracağıq.

 

Azərbaycanda yeni federasiya

SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən bütün sabiq İttifaq ölkələri kimi Azərbaycanda da yeni federasiya yaradıldı. Bu qurum 1991-ci ildə təsis edildi. Federasiyanın ilk prezidenti isə Vahid Nadirli seçildi. O, 1999-cu ilədək bu funksiyanı yerinə yetirdi. Yeni təşkilatı çox keçmədi ki, beynəlxalq miqyasda da tanındı. Azərbaycan Voleybol Federasiyası 1992-ci ildə Beynəlxalq Voleybol Federasiyasına (FİVB) və Avropa Voleybol Konfederasiyasına (CEV) üzv seçildi. Bu isə o demək idi ki, komandamız ölkə xaricinə müstəqil ölkəmizin üçrəngli bayrağı ilə ayaq basmağa başladı.

 

Voleybolumuz çətin durumda

Ölkəmizdə yeni federasiya yaradılsa da, həm kişi, həm də qadın komandamız 1991/1992 mövsümündə eksperimental çempionatlarda qüvvəsini sınadı. Lakin bu ideya özünü tam doğrultmadı. Yarışın əsas təşkilatçısı Rusiya digər ölkələrdən olan nisbətən zəif komandalarla oynamağa ehtiyac duymadı. Elə yeni yaranan ölkələrin federasiyaları üçün də uzaq səfərlər, böyük xərclər və reqlament məqbul deyildi. Çünki turnirdə hər şey Rusiya voleybolu üçün hesablanmışdı. Belə bir dönəmdə bəzi ölkələr öz çempionatını təşkil edə bilsə də, cəmi 1 kişi və 1 qadın komandaya malik Azərbaycanda belə addımın atılması mümkünsüz idi. Yeganə çıxış yolu təmsilçilərimizin qonşu ölkələrdən birinin çempionatına qatılması idi. Lakin bu variantın gercəkləşməsi də mümkün olmadı. Voleybolumuz üçün ağır sayılan həmin dönəmdə kişi komandası da demək olar ki, fəaliyyətini dayandırdı. Bunda Dağlıq Qarabağda gedən müharibənin az rolu olmadı. Üstəlik, maliyyə sıxıntıları ilə üzləşən federasiyanın ümidi isə Faiq Qarayev və yetirmələri idi. Mütəxəssis BMKZ-da cəmləşdirdiyi komandasının bazasında Azərbaycan millisini də formalaşdırıb hər ikisinin çətinliyini öz çiyinlərinə götürdü.

 

Zəfərin bir addımlığında

Bütün çətinlərə baxmayaraq, CEV-in üzvü olan ölkəmiz avrokuboklarda təmsil olunmaq hüququ qazanmışdı. Ölkəmizdə cəmi 1 klub olduğundan heç bir titul qazanmaya-qazanmaya onun Kuboklar Kubokunda oynamasına icazə verilmişdi. SSRİ çempionatları təcrübəsinə malik və ardıcıl 2 mövsüm qitə miqyaslı turnirlərdə çıxış edən BMKZ bu dəfə Avropa səhnəsinə müstəqil Azərbaycan klubu kimi çıxmışdı. Bakılıların bu dəfəki çıxışı da əvvəlkindən daha uğurlu alındı. Faiq Qarayevin yetirmələri mübarizəyə 1/8 finaldan start verdilər. Həmin mərhələdə Portuqaliya “Boavişta”sı ilə qarşılaşan təmsilçimiz hər 2 qarşılaşmada rəqibini 3:0 hesabı ilə məğlub etdi.  1/4 finaldakı rəqib daha güclü Ukrayna “Orbita”sı olsa da, BMKZ sınaqdan üzüağ ayrıldı. Voleybolçularımız evdəki 3:1 hesablı üstünlüyü səfərdə əldən versə də (1:3), yarımfinala adlamağı bacardı. Buna o vaxtı qaydalar səbəb oldu. 2 oyunun ümumi top fərqində (101-100) Faiq Qayayevin yetirmələri yoluna davam etdi.

 

Yarımfinalda isə rəqibimiz Fransanın “Riom” klubu oldu. BMKZ bu deuldən də üstün ayrıldı. Onlar çətin keçən matçı 3:2 hesabı ilə aktivlərinə yazdılar.  Tarixində ilk dəfə avrokubokun finalına çıxan komandamız 1992/1993 mövsümünün qalibi adı uğrunda Almaniya CJD-sı ilə üz-üzə gəldi. Lakin daha təcrübəli və maliyyə dayaqları möhkəm olan Berlin təmsilçisi titul qazanmaq şansını həmyerlilərimizə güzəştə getmədi – 3:1. CJD ardıcıl ikinci dəfə kubokun Almaniyaya getməsini təmin etdisə, BMKZ da tarixə düşdü. Onlar avrokuboklarda ilk medalımızı qazandılar.

 

Tarix yazdı, tarixin yaddaşına köçdü

Kuboklar Kubokunun finalı BMKZ-nın tarixinə son matç kimi düşdü. Finala çıxmaqla Azərbaycan voleybolunda yeni səhifə açan komandamız maliyyə çətinlikləri üzündən fəaliyyətini dayandırdı. Buna əsas səbəb klubun sponsoru olan Bakı Məişət Kondisionerləri Zavodunun fəaliyyətindəki ciddi problemlər oldu. Artıq özünü saxlamağı düşünən qurum komandanın yaşamasına səy göstərmədi. Bu zaman Faiq Qarayevin uzaqgörənliyi nəticəsində bəzi oyunçularımız ölkə xaricinə üz tutdu. Alla Həsənova “Əmlakbank”, Viktoriya Ravva “Vakıfbank”, Marina Kuzmina “Yeşilyurt”a keçməklə, Türkiyə legioner həyatı yaşamağa başladı. Digər voleybolçuların bu idman növündə qalması məqsədilə bakılılar BMKZ-nın davamçısı hesab edilən “Neftyağ”da bir araya gətirildi. Lakin heç bir rəsmi turnirdə çıxış etməyən komanda faktiki olaraq yığmanın bazası rolunu oynadı. Federasiyanın da, Qarayevin də həmin vaxtıkı diqqəti məhz milliyə yönəlmişdi.

 

Azərbaycan dünyanı təəccübləndirdi

Bu diqqət yeni yığmanın formalaşmasına da səbəb oldu. Bu millinin ilk rəsmi sınağı isə Bolqarıstanda gerçəkləşdi. 1993-cü ilin oktyabrında Sofiyada DÇ-1994-ün seçmə mərhələsi keçirildi. Belə məsul yarışda debüt edən komandamız nəinki Avropanı, hətta dünyanı təəccübləndirməyi bacardı. Yığmamız mundiala yeganə vəsiqə uğrunda meydan sahibləri, Belarus və Kanada ilə mübarizə apardı. Oktyabrın 20-də Kanada ilə təşkil olunan görüş komandamızın tarixinə ilk rəsmi qarşılaşma kimi düşdü. Voleybolçularımız 3:0 (15:10, 15:11, 15:6) hesabı ilə qalib gələrək, şimali amerikalılara dərs keçdi. Ertəsi gün Bolqarıstanla gərgin qarşılaşmada tay-brekdə uduzan (11:15, 15:9, 17:15, 9:15, 10:15) yığmamız oktyabrın 22-də Belarusla önəmli görüşə çıxdı. Hər setində başabaş mübarizə gedən dueldən Faiq Qarayevin yetirmələri üstün ayrıldılar – 3:1 (15:13, 13:15, 16:14, 15:13). Yarışların qaydasına görə ilk 2 pillənin sahibi mundiala vəsiqə üçün yenidən üz-üzə gəldilər. Ayın 23-də baş tutan matçda yığmamız qrupdakı məğlubiyyətin əvəzini çıxdı. Bolqarıstan ev sahibi olmasına və ilk görüşdə millimizə qalib gəlməsinə baxmayaraq, bu dəfə təmsilçimiz qarşısında aciz qaldı. Görüşün taleyi yenə tay-brekdə həll olundu – 3:2 (15:5, 7:15, 12:15, 15:12, 15:10). Bu qələbə komandamız mundiala daşıdı. Seçmə mərhələdə Liliya Sergeyeva, Yelena Arifova, Alla Həsənova, Viktoriya Ravva, Yelena Şabovta, Tatyana Fyodorova, Mariya Tsarenko və Svetlana Seleznyova tarixi uğurumuza öz töhfəsini verdi. Bu təkcə voleybolun deyil, Azərbaycan idmanı tarixinin ilk zəfəri idi. Çünki bu qələbəyədək hansısa komandamız final mərhələsi həyəcanı yaşamamışdı.

 

Beləliklə, 1 ildən sonra Braziliyada keçiriləcək 16 komanda sırasına Azərbaycan da daxil oldu.

 

 

Dünya çempionatına gənclərlə

Azərbaycan keçmiş SSRİ respublikaları arasında mundiala vəsiqə qazanan 3 komandadan biri oldu. Yeni müstəqillik əldə edənlərdən yalnız Rusiya və Ukrayna ölkəmiz kimi Cənubi Amerikada oynamaq hüququ qazandı. Oktyabrın 30-dan noyabrın 17-dək keçirilən yarışa Faiq Qarayev artıq 15 voleybolçu sifariş etmişdi: Liliya Sergeyeva, Yelena Arifova, Alla Həsənova, Viktoriya Ravva, Yelena Şabovta, Gülçin Kərimova, Tatyana Fyodorova, Mariya Tsarenko, Alla Teterina, Olisana Barinova, Viktoriya Stepanişeva, Svetlana Seleznyova, Marina Kuzmina, Dinarə Əjdərova və Marina Volçkova. Bu oyunçulardan Kərimovanın 15, Stepanişevanın 14 yaşı vardı ki, onların da səfərə aparılması voleybolumuzun bu gününə hesablanmışdı. Üstəlik, daha dörd 16 yaşlı oyunçunun komandanda olması, millimizi yarışın ən gənc kollektivlərindən birinə çevirmişdi.

 

Dünyanın 9-cusu

B qrupunda Kuba, Peru və Hollandiya ilə yer alan təmsilçimiz ilk mərhələni 3-cü pillədə başa vurdu. İlk oyunda avropalılara 1:3 (8:15, 5:15, 15:11, 10:15) hesabı ilə uduzan voleybolçularımız növbəti qarşılaşmasında tarixi nailiyyət əldə etdi. Peru ilə gücünü yoxlayan millimiz final mərhələləri tarixində ilk qələbəsini qazandı – 3:0 (15:12, 15:13, 15:6). Lakin son turda rəqib həmin dövrün nəhəngi Kuba idi. Sonda çempion olan ada təmsilçisi yığmamıza set vermədən qalib gəldi – 3:0 (15:9, 15:9, 15:12).

 

Qrup üçüncüsü olan Faiq Qarayevin yetirmələri 1/8 finala yüksəldi. Burda isə onun rəqibi Almaniya oldu. Bundestimlə görüşün ilk 2 setində həyəcanını boğa bilməyən komandamız sonradan toparlansa da, faydasını görmədi. Rəqib 3:1 (15:4, 15:3, 8:15, 15:9) hesabı ilə qalib gəldi.

 

Nəticədə komandamız San-Paulodakı çıxışını başa vurdu. İlk cəhdə yığmamız dünyanın 9-cusu oldu.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Fotosessiya
SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10