SİZİN REKLAM BURADA

Zülmətdən aydınlığa - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Voleybol: tarixi zəfərlər və gələcəyə baxış. Prioritetlər: Azərbaycanda voleybolun ənənələri, inkişaf mərhələləri və klub voleybolunun tənəzzülü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Ölkə voleybolunu daim diqqətdə saxlayan “apasport” “Azərbaycan voleybolu: Müstəqilliyin 25 ili” layihəsinin növbəti yazısında tariximizin ən ağır dövrünə diqqət ayıracaq. Bu dəfə DÇ-1994-dən sonra dağılan yığmamız və klublarımız, həmçinin beynəlxalq qurumlar tərəfindən diskvalifikasiya olunan Azərbaycan Voleybol Federasiyasından söhbət açıb, bu idman növünün necə xilas olmasına nəzər yetirəcəyik.

 

Özünü doğrultmayan proqnozlar

Braziliyada keçirilən dünya çempionatı yığmamız üçün nə qədər uğurlu alınsa da, Azərbaycan voleybolu üçün bir o qədər sarsıdıcı oldu. Çünki 1994-cü ildə mundialda yığmamız 9-cu olduğundan ölkəmizdə bu idman növünün kütləviləşməsi, xüsusilə qızların voleybola axını proqnozlaşdırılsa da, bu, gerçəkləşmədi. Əksinə, Faiq Qarayevin sərəncamında olan az sayda voleybolçunun bir qismi bu sahədən uzaqlaşdı, bəzisi isə ölkəsinə qayıtdı. Azərbaycan voleybolunu yaşatmaq üçün əlindən gələni əsirgəməyən mütəxəssis döyüş meydanında tək qaldığını görüncə, yetirmələri ilə birlikdə ölkə xaricinə yollandı.

 

Türkiyə voleybolunda Azərbaycan küləyi

Rusiya və digər SSRİ respublikalarından təkliflər gəlsə də, Qarayev güvəndikləri ilə birgə qardaş ölkə Türkiyəni seçdi. Yığmamızın liderlərini fərqli klublara bölüşdürən çalışdırıcı özü də baş məşqçi karyerasını Superliqada davam etdirdi. Lakin həmin dövrdə onunla razılaşmayıb, yığmamızın düşərgəsini tərk edənlər də oldu. Bu, bizim də milliləşdirdiyimiz gürcü əsilli Viktoriya Ravvadı. Avropa voleybolunun ən məşhur simalarından biri olan hücumçu qısa müddət Türkiyədə Qarayevlə çalışsa da, sonradan Fransaya üz tutdu. O, həm də yığmamızdan imtina edib, bu ölkənin əsas komandasında oynamağa başladı. Qarayevin yetişdirdiyi voleybolçu sonradan dünya voleybolunun ulduzuna da çevrilməyi bacardı.

 

 

Maraqlıdı ki, bizdən qat-qat geri qalan Türkiyə voleybolu da məhz təmsilçilərimizin oraya yollandığı illərdə intibah dövrünə qədəm qoydu. Təsadüfi deyil ki, Qarayev bu ölkədə də Azərbaycanda olduğu qədər sevilir və önəmli voleybol xadimlərindən biri hesab edilir.

 

Voleybol Bakını niyə tərk etdi?

Bütün bunlarda maliyyə ilə yanaşı, həmin dövrdəki qeyri-sabitliyin də xüsusi rolu oldu. Çünki tək voleybol idman növü deyil, ümumiyyətlə, bütün idman arxa plana keçmişdi. Həmin zaman Dağlıq Qarabağ və qaçqınların problemi digər məsələləri kölgədə qoymuşdu. Gənclər və İdman Nazirliyinin olmadığı vaxtda SSRİ dönəmindən qalma İdman Komitəsi federasiyalara nəzarət edirdi. Lakin bu qurumdakı rəhbər vəzifələrə mübarizələr təlim-məşq toplanışlarını belə ikinci plana keçirmişdi. İdman bölmələri isə bağlanmaqda davam edirdi. Bu səbəblərdən voleybolçularla yanaşı, əksər növlərdə peşəkar idmançı və məşqçilərin ölkə xaricinə axını da sürətlənmişdi. Onların getməsinin qarşısını alan da yox idi. Belə vəziyyətdə voleybol klublarının və yığmalarının yaşaması mümkünsüz idi. Əgər kişi komandalarımız müstəqilliyin ilk illərində fəaliyyətini dayandırmışdısa, qadınlardan ibarət “Neftyağ” da mundialdan sonra onların taleyini yaşadı. Həmin dövr voleybol yalnız məktəblərdə həvəskar səviyyədə yaşayırdı.

 

Voleybolumuz “koma”da

Ölkədə heç bir komandanın olmaması federasiyanın da işsiz qalması demək idi. Hər hansı bir yarış təşkil etməyən, yığmaları bir araya gətirməyən qurumun varlığı ilə yoxluğu da artıq bilinmirdi. Daxili problemləri də olan federasiyanın belə fəaliyyətsizliyi beynəlxalq qurumların da diqqətindən yayınmadı. Çünki təşkilat Beynəlxalq Voleybol Federasiyası (FİVB) və Avropa Voleybol Konfederasiyasına (CEV) üzvlük haqlarını da vaxtlı-vaxtında ödəməkdə çətinlik çəkir, onların bayrağı altında təşkil olunan yarışlarda təmsil olunmurdu. Həmçinin beynəlxalq qurumlarının hər bir toplantısı nümayəndəmiz olmadan keçirilirdi. Bu isə FİVB və CEV-in qaydalarına zidd idi. Onlar dəfələrlə xəbərdarlıq etsələr də, federasiyamız bunlara məhəl qoymadı. Məcburiyyətdən Avropa Voleybol Konfederasiyası ən sərt addımı ataraq, Azərbaycanı 1992-ci ildə üzv olduğu voleybol ailəsindən uzaqlaşdırdı. Bu, 1997-ci ilə təsadüf etdi. Bununla da voleybolumuz faktiki olaraq, “koma”ya düşdü.

 

Faiq Qarayevlə yenidən canlanma

XX əsrin sonu, yeni əsrin əvvəllərində Azərbaycanda idmanın çiçəklənmə dövrünə start verildi. Bunda Milli Olimpiya Komitəsində (MOK) baş verən dəyişikliklər rol oynadı. 1997-ci ildə, idmanımızın çətin dönəmində İlham Əliyevin MOK prezidenti seçilməsi ölkədə bütün növlərin inkişafına təkan verdi. Maddi-texniki bazanın möhkəmləndirilməsi və ölkə xaricinə üz tutan mütəxəssislərin geri qaytarılması dövrü də həmin illərə təsadüf etdi. Üstəlik, fəaliyyəti ilə diqqət çəkməyən federasiyalar yenidən formalaşdı. Azərbaycan Voleybol Federasiyası da bu çiçəklənmənin bəhrəsini gördü. Artıq qurum Ziya Məmmədovun rəhbərliyi altına keçmişdi. Lakin federasiyanı çiynində daşıya biləcək mütəxəssis olmadığından ictimai təşkilat hələ də axsamaqda idi. Bu səbəbdən də İlham Əliyev çıxış yolunu Türkiyədə fəaliyyət göstərən Faiq Qarayevlə əməkdaşlıqda gördü. Onların birgə söhbəti Azərbaycan voleybolunun gələcəyi üçün “yaşıl işıq” yandırdı. Faiq Qarayev yenidən Azərbaycan millisinin sükanı arxasına keçdi və federasiyanın idarəçiliyini faktiki olaraq ələ aldı. Həmin müddətdə qurum yenidən formalaşdı və bütün borclar bağlanıldı. 2000-ci ildə başa çatan 4 illik diskvalifikasiyadan sonra komandalarımızın beynəlxalq arenaya çıxışına icazə verildi. Qarayevin məsləhəti ilə yığmanın baza klubu olan “Azərreyl” təsis olundu. Türkiyədə çıxış edən voleybolçularımız da buraya cəlb edildi. Üstəlik, uşaq-gənclər və idman məktəblərində seleksiya işləri aparıldı. Mütəxəssisin birbaşa nəzarəti altında olan bu iş sayəsində perspektivli yeniyetmələr də təcrübəlilərdən qurulan “dəmiryolçular”ın sıralarına qoşuldular.

 

 

Avrokubokda ilk

Artıq komandalarımızın qitə miqyaslı yarışlara yolu açılmışdı. Son illərdə yalnız aşağı səviyyəli “Bahar kuboku” ilə kifayətlənən Azərbaycan avrokuboklarda iştirak hüququna da yiyələndi. CEV 2001/2002 mövsümündə 2 klubumuza qitə miqyaslı turnirlərdə iştirak hüququ verdi. Bunlardan biri yuxarıda bəhs etdiyimiz “Azərreyl” idi. Tariximizdə ilk dəfə kişi komandamız da avrokubokda oynamaq şansı qazandı. XXI əsrdə canlanan kişi voleybolumuzu “Top-komandalar” kubokunda “Azəroil” təmsil etdi. Elə “Azərreyl”in özü də məhz bu yarışda qüvvəsini sınayırdı.

 

Uğursuz debüt

Kişilərin debütü uğursuz alındı. Təmsilçimiz ilkin mərhələdə “Kometa”ya (Macarıstan) hər 2 oyunda 0:3 hesabı ilə məğlub oldu. Uduzduqdan sonra daha aşağı səviyyəli CEV kubokuna enən “Azəroil” burda təsnifat mərhələsində oynadı və yenə set qazanmadan meydandan ayrıldı. Bakılıları Danimarkanın “Holte” klubu mübarizədən kənarlaşdırdı.

 

Möhtəşəm qayıdış

Xanımların dönüşü möhtəşəm alındı. İlk matçlarda qələbələrlə azarkeş ordusu yığan “Azərreyl” tezliklə ölkənin bir nömrəli komandasına çevrildi. “Dəmiryolçular”ın “Top-komandalar” kubokunda debütü Bolqarıstanın “Levski Sikonko” klubuna qarşı oldu. Təsnifat mərhələsinə təsadüf edən matçda Faiq Qarayevin yetirmələri 2:3 hesabı ilə uduzsalar da, Bakıdakı cavab oyununda bunun əvəzini artıqlaması ilə çıxdı – 3:1.

 

Bu qələbə komandamızın qrup mərhələsində iştirakını təmin etdi. İsveçrə “Zeyler”i və Rusiya “Universitet”i ilə eyni qrupda çıxış edən paytaxt təmsilçisi keçirdiyi 4 oyundan 3-də qalib gəldi. Son turda “Zeyler”ə tay-brekdəki məğlubiyyət həmyerlilərimizin birinci olmasına mane olmadı. Bununla da 1/4 final mərhələsinə yüksələn “Azərreyl” Ukrayna “Dinamo-Yenestra”sına rəqib oldu. Bu mərhələdə komandamız heç bir çətinlik çəkmədi – 3:0, 3:0.

 

 

Bakıda yazılan tarix

1/4 finaldakı qələbə ilə “Azərreyl” “Dördlər finalı”nda oynamaq hüququ qazandı. Ölkəmizdə voleybolun belə sevilməsi isə CEV rəhbərliyinin həlledici mərhələni Bakıya salmasına səbəb oldu. Artıq Azərbaycan Voleybol Federasiyasına etibar edən beynəlxalq qurum yarışın yüksək səviyyədə təşkil olunacağını əvvəlcədən belə bəyan etdi.

 

Komandamız yarımfinalda dolu tribunalar önündə “Bank Poçtovı” (Polşa) ilə görüşdü. Daha çox ilk setdə müqavimət göstərən qonaqlar sonda “quru hesablı” məğlubiyyətlə barışdılar. Bu qələbə voleybol tariximizdə ikinci dəfə final oynamaq imkanı verdi. 1993-cü ildə BMKZ Kuboklar Kubokunun həlledici matçında uduzmuşdusa, bu dəfə “Azərreyl” adını dəyişmiş həmin turnirin qalibi oldu. 2002-ci il martın 10-na təsadüf edən finalda Faiq Qarayevin komandası Yuqoslaviya “Yedinstvo”sunu sınağa çəkdi. Bu görüş təmsilçimiz üçün yarımfinaldan da asan keçdi. Bakılar 3:0 (25:13, 25:15, 25:13) hesablı qələbə ilə Avropa səhnəsinə qayıdışını kubokla qeyd etdilər.

 

Həmin vaxt “Azəreyl” 15 voleybolçu ilə tarix yazdı. Bunlar İlahə Ağayeva, Səbinə Əjdərova, Alla Həsənova, İnessa Qorxmaz, Yana Hüseynova, Oksana Parxomenko (Kurt), Marina Kuzmina, Valeriya Korotenko (Məmmədova), Oksana Məmmədyarova, Nina Neçay, Yelena Parxomenko, Yelena Şabovta, İrina Sminyagina, Veronika Tarazanova və Alla Teterina idi. Bu oyunçuların əldə etdiyi uğurla Azərbaycan voleybolunun şanlı səhifəsinə start verildi.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10