[b]Tərlan Əhmədov: “Neftçi”ni çalışdırmaq mənə tapşırılsa...[/b]
21.08.2017 - 15:20
[b]Tərlan Əhmədov: “Neftçi”ni çalışdırmaq mənə tapşırılsa...[/b]

“Neftçi” rəhbərliyindən mənimlə əlaqə saxlayan olmayıb. Amma təklif gəlsə, niyə də qəbul etməyim?”. Bu sözləri apasport.az saytına açıqlamasında Tərlan Əhmədov deyib.

 

Elxan Abdullayevin istefa verməsindən sonra “Neftçi”nin yeni baş məşqçisinin kim olacağı maraq doğurur. Bu postu tutmağa namizəd olan şəxslərin sırasında Əhmədovun da adı çəkilir.

 

AZAL-dan ayrıldıqdan sonra işsiz qalan 45 yaşlı mütəxəssis “Neftçi”nin baş məşqçisi olmağa razıdı: “Vaxtilə işlədiyim komandadı. Böyük futbola addımımı məhz “Neftçi”də atmışam. Təklif olsa, məmnuniyyətlə qəbul edərəm. Amma hələ təklif gəlməyib”.

 

Əhmədov “ağ-qaralar”ı hazırkı vəziyyətdən çıxara biləcəyinə inanır: “Futbolda belə anlar olur, komanda “qara zolağ”a düşür. İnşallah, bu iş mənə tapşırılsa, “Neftçi”ni vəziyyətdən çıxarmağa çalışaram. Komandada çoxlu istedadlı futbolçunun olduğunu bilirəm. İşləmək lazımdı, görüləsi işlər çoxdu. Çalışıb, nəyəsə nail olmaq olar. Hazırda komandanın başında deyiləm. Buna görə də, “Neftçi”nin indiki heyətlə hansı yerlər uğrunda oynaya biləcəyini demək çətindi. Futbolçuların səviyyəsinə, fiziki durumuna baxandan sonra konkret danışmaq olar”.

 

Ölkə çempionatının ilk 2 turunu izlədiyini deyən Əhmədov cari mövsümün daha maraqlı keçəcəyini bildirib: “İlk turlar bu cür düşünməyə əsas verir. Keçən mövsümün zəif keçdiyini deyirdilər. Amma elə deyildi. “Qarabağ” Çempionlar Liqasının pley-offunda oynayırsa, qrupa düşmək üçün 50 faiz işini görübsə, deməli, çempionat maraqlı keçib. Düşünürəm ki, bu il “Qarabağ” üçün çempionluq daha çətin olacaq. Heç bir komandanı siyahıdan silmək olmaz”.

0