[b]300-cü “savaş”[/b]
21.08.2017 - 18:03
[b]300-cü “savaş”[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” - “Qarabağ” oyunu yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, avqustun 23-dəki görüş Azərbaycan futbolu tarixinə 300-cü avrokubok sınağı kimi düşəcək.

 

İndiyədək qitə miqyaslı turnirlərdə 299 “savaş”a çıxan klublarımızın yubileyi Ağdam təmsilçisinin qrupa düşməsini də rəsmiləşdirə bilər. Bu gerçəkləşsə, tarixi oyun tarixi nailiyyətlə əlamətdar olacaq.

 

Qitə miqyaslı turnirlərdə 1994/95 mövsümündə debüt edən Azərbaycan “300”ə 22-ci futbol ilində çatır. Lakin ölkəmiz iki dəfə - 2002/03 və 2003/04 mövsümlərində qitə səhnəsindən kənar qalıb.

 

22 mövsümü əhatə edən 299 matç isə 4 turnir çərçivəsində baş tutub. Danimarkadakı 300-cü avrokubok oyunu həm də Çempionlar Liqası üçün də yubiley – 60-cı olacaq.

 

Çünki klublarımız indiyədək Çempionlar Liqasında 59, İntertoto kubokunda 26, Kuboklar Kubokunda 8 oyun keçirib. 206 matç Avropa Liqasına təsadüf edib ki, bunun 46-sı yarışın UEFA kuboku adlandığı vaxta təsadüf edib. Digər 160 qarşılaşma Avropa Liqası dönəmində olub ki, onlardan 36-sı qrupda keçirilib.

 

Azərbaycanın “300”ə çatması 18 klubun sayəsində gerçəkləşib. Çünki məhz bu qədər komanda qitədə ölkəmizi təmsil edib.

 

İndiyədək keçirilən 299 görüşdə komandalarımız 86 qələbə qazanıb. 71 heç-heçə edən təmsilçilərimiz 139 dəfə uduzub. Qələbələrdən də, məğlubiyyətlərdən də biri texniki nəticədi.

 

Nəticəsi ləğv olunan iki matç, həmçinin texniki hesablar və penaltilər seriyalarını nəzərə almasaq, komandalarımız 273 qol vurub və 439-nu buraxıb.

 

Qeyd edək ki, “Qarabağ” “Kopenhagen”lə avqustun 15-də Bakıda keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gəlib.

0