[b]“Rəhbərliyə dedim ki, oyundan sonra lazım olsa, danışarıq”[/b]
22.08.2017 - 12:50
[b]“Rəhbərliyə dedim ki, oyundan sonra lazım olsa, danışarıq”[/b]

“Neftçi”nin əvəzedici heyətinin çalışdırıcısı, əsas komandada baş məşqçi əvəzi Elşad Əhmədovun apasport.az saytına müsahibəsi

 

- Elxan Abdullayevin istefaya göndərilməsindən sonra komandanı növbəti oyuna sizin çıxaracağınız məlum oldu. “Neftçi”nin futbolçuları ilə görüşmüsüz?

- Rəhbərliyin qərarı dünən açıqlandı. Hələ əsas komandaya məşq keçməmişəm. Futbolçularla bu gün görüşəcəyik. Məşq bu gün baş tutacaq.

 

- “Neftçi” cari mövsümə pis başlayaraq, ardıcıl iki məğlubiyyətlə üzləşdi. Növbəti rəqib “Kəpəz”di. Komandadaxili ab-havanı dəyişib, bu görüşdə “Neftçi” azarkeşlərini qələbə ilə sevindirmək mümkün olacaqmı?

- Uşaqlarla oturub, söhbət etməliyəm. Necə futbol oynayacağımızla bağlı bir məsləhətə gəlməliyik. Öz fikrimi futbolçulara çatdırmalıyam. Mənim öz futbol fəlsəfəm, tərzim, ağlım var. Görməliyəm ki, bu uşaqlarla nəyi alındırmaq olar? Ondan sonra bir yerdə işləyə bilib-bilməyəcəyimizi demək mümkündü.

 

- “Neftçi”də vaxtilə əvəzedici heyətin baş məşqçisi olmuş Samir Əliyev daha sonra əsas komandanı çalışdırdı. Rəhbərlik sizə təklif edəndə bu postda uzun müddət qalmaq şansınızın olduğunu deyibmi?

- Rəhbərlik mənimlə elə bir söhbət elədi. Sadəcə, dedim ki, 3 gün ərzində komandanı “Kəpəz”lə oyuna hazırlayım, matçdan sonra lazım olsa, danışarıq. Bu gün yalnız “Kəpəz”lə görüşü fikirləşirəm, ona hazırlaşmaq lazımdı. Digər məqamla bağlı isə konkret söhbətimiz olmayıb. Rəhbərliyin “Kəpəz”lə oyundan sonra mənə deyəcəyi hələ bilinmir. Ona görə deyirəm ki, 3 gün məşq keçib, komandanı “Kəpəz”lə matça çıxaraq, qalan məsələləri sonra müzakirə edərik. Rəhbərlik mənə “hə” və ya “yox” deyər, mən də öz fikrimi bildirərəm.

 

- “Kəpəz”lə oyunda əsas heyətdə dəyişikliklər etməyi düşünürsüzmü?

- Uşaqlarla söhbət edib, kimin nə dərdinin, kimin hansı vəziyyətdə olduğunu bilməliyəm. Hələ məşqçilərlə də görüşməmişəm.

 

- Əvəzedici heyəti növbəti matça siz çıxaracaqsız?

- Məşqləri köməkçim keçəcək, amma komandanı oyuna özüm çıxaracam.   

 

- Əsas komandaya əvəzedici heyətdən kimlərisə dəvət etmək planınız varmı?

- Bu gün əsas komandanın durumu vacibdi. 3 gün məşq keçək, işləri normal hala sala bilək, sonra əvəzedici heyətlə bağlı düşünərik. Lazım olsa, ordan oyunçu götürərik, lazım olsa da, əsas komandada oynamayan uşaqlara və ya əsas heyətin üzvlərinə şans verərik.

 

- “Qarabağ” Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində sabah “Kopenhagen”lə cavab matçına çıxacaq. Bu komandalar arasında 1998/1999 mövsümündə keçirilmiş oyunlarda (0:6, 0:4) siz də iştirak etmisiz. Həmin matçları necə xatırlayırsız və hazırkı “Qarabağ”ın ÇL-in qrup mərhələsinə düşəcəyinə inanırsızmı?

- “Qarabağ”ın Bakıdakı 1:0 hesablı qələbəsinə çox sevindim. Öz meydanımızda top buraxmadan, qalib gəldik və bu, yaxşı nəticədi. Ürəyimdən keçən arzulardan biridi ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşsün. “Kopenhagen”lə illər əvvəlki oyunlarda mən də iştirak etmişəm. Amma o vaxtla indiki dövrü müqayisə etmək düz deyil. 

0