[b]“Oyundan sonra Qurbanla anamızı xatırladıq” – Musa Qurbanov[/b]
24.08.2017 - 12:25
[b]“Oyundan sonra Qurbanla anamızı xatırladıq” – Musa Qurbanov[/b]

“Təəssüratlarım əladı. Hazırkı hisslərimi tam çatdırmağa bəlkə də, intellektual səviyyəm yetməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanov deyib.

 

“Zaqatala” klubunun prezidenti jurnalistlərə açıqlamasında “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması haqda danışıb. O, “Kopenhagen”lə matçdan sonra çox coşqulu olduğunu bildirib: “Qarabağ”ın hər oyununa baxanda özümü itirirəm. Dünənki matç ərzində də olduqca həyəcanlı idim, ümumiyyətlə, özümdə deyildim. Oyundan sonra da heç yata bilməmişəm. Azarkeşlər kimi, mən də səhərə kimi maşınla gəzmişəm. Sevincimi evdə uşaqlarla bölüşdüm, gedib Qurbanın oğlunu götürdüm, şəhəri gəzdik. Amma yenə istədiyim kimi sevinə bilməmişəm”.

 

Musa Qurbanov oyundan dərhal sonra qardaşına zəng etdiyini deyib: “Görüş bitəndən dərhal sonra Qurbana zəng vurdum, hisslərimizi bölüşdük. Mən ona təşəkkürümü bildirdim, o mənə minnətdarlıq etdi. Bir az keçmişdən danışdıq, anamızı xatırladıq. Qurban və mən bir-birimizin oyunlarını həmişə qardaş gözü ilə izləmişik. Belə çox çətindi. Çünki özünü cilovlaya, toparlaya bilmirsən. Amma qələbə olanda bu hissləri keçirməyə dəyir”.

 

Qurbanov “Qarabağ”ın qrupda “Real” və ya “Barselona”ya rəqib olmasını istəyir: “Bəziləri deyir ki, bir az zəif qrupa düşək. Qurban “Barselona” azarkeşidi, mən isə “Real”. Düzdü, onların hər ikisi “Qarabağ”la eyni qrupa düşə bilməyəcək. Amma istərdim ki, heç olmasa biri bizə rəqib olsun”.

0