[b]Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu[/b]
25.08.2017 - 15:27
[b]Taekvondo yığmamız Universiadanı 5 medalla başa vurdu[/b]

Azərbaycan millisi Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin aktivinə növbəti mükafatı taekvondoçumuz Məhəmməd Məmmədov yazdırıb.

 

63 kq çəki dərəcəsində dayan üzərinə çıxan həmyerlimiz fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Belə ki, 1/16 finalda meksikalı Edqar Porras Reyesi mübarizədən kənarlaşdıran (21:5) Məmmədov növbəti döyüşdə Tay Tin Vinqdən (Honq Konq) üstün olub – 29:9.

 

Taekvondoçumuz 1/4 finalda braziliyalı Venilton Torres Teyxeiran üzərində qələbə qazanıb. O, rəqibinə 24:12 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda iranlı Mirhaşim Hüsseyniyə uduzan 9:19 hesabı ilə uduzan təmsilçimiz universiadada komandamızın aktivinə bürünc mükafat əlavə edib.

 
87 kq çəki dərəcəsində gücünü yoxlayan Payam Qobadi Oğaz ilk iki görüşünü qələbə ilə başa vurub. O, əvvəlcə Migel İkaro Martins Soaresdən (Braziliya, 18:12), ardınca Lukas Vinkleri (Almaniya, 25:2) məğlub edib. Lakin idmançımız 1/4 finalda gərgin keçən qarşılaşma zamanı Seunqvan Li (Cənubi Koreya) səddini keçə bilməyib - 11-15.

 
Olimpiya mükafatçımız Patimat Abakarova (49 kq) da mübarizəni erkən dayandırıb. Taekvondoçumuz ilk döyüşündə iranlı Nahid Kiyaniçandehlə üz-üzə gəlib 8:10 hesabı ilə uduzub.

 

Beləliklə, taekvondo yığmamız Universiadada çıxışını başa vurub. Onlar yarışı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitiriblər. 


Qeyd edək ki, yarış "G2" kateqoriyalı olduğundan I, II və III yeri tutmuş idmançılar, müvafiq olaraq 20, 12 və 7.2 reytinq xalı qazanır.

0