[b]“Heç belə zəif təşkil olunmuş mundial görməmişdim” – Ağacan Abıyev[/b]
04.09.2017 - 01:25
[b]“Heç belə zəif təşkil olunmuş mundial görməmişdim” – Ağacan Abıyev[/b]

“Əslində komandamızın göstərdiyi nəticə bundan iki dəfə daha yaxşı olmalı idi. Ancaq hakimlərin zəifliyi nəticəsində bizim iki boksçumuzu “sıxdılar”. Buna baxmayaraq, hazırda əldə etdiyimiz nəticə də gözəldi. Dünya ölkələri arasında 4-cü, Avropada isə birinci pillədə qərarlaşmışıq. Əgər obyektiv hakimlik olsaydı, hesab edirəm ki, biz 2 və ya 3-cü yerdə ola bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abıyev deyib.

 

Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı başa çatıb. Mundiala 4 idmançı ilə qatılan millimiz iki medal qazanıb. Boksçularımızdan Kamran Şahsuvarlı (75 kq) üçüncü olduğu halda, ən ağır çəkidə (+91 kq) yarışan Məhəmmədrəsul Məcidov bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.

 

Vətənə dönən komandamızı hava limanında saytımızın müxbiri də qarşılayıb. Federasiya rəsmisi açıqlamasında idmançılarımıza qarşı hakim qərəzələrini xüsusi olaraq vurğulayıb: “Hələ bu vaxta qədər belə zəif təşkil olunmuş dünya çempionatı görməmişdim. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının bəzi problemləri var deyə təşkilatçılıq zəif alındı. Adətən mundiala ən güclü hakimləri seçib çağırırlar, ancaq bu dəfə “əllərinə kim keçib”, gətirmişdilər”.

 

A.Əbiyev Azərbaycan boksunun gələcəyinin parlaq olduğunu qeyd edib: “Düşünürəm ki, bizim gənclərimiz var, onlar daha yaxşı hazırlaşıb gələcək Olimpiadalarda yaxşı nəticələr qazanacaqlar”.

0