Aleksandr Qrişuk Bakıda keçirilən Qran Pri turnirində vahid liderdir
25.04.2008 - 09:44
Aleksandr Qrişuk Bakıda keçirilən Qran Pri turnirində vahid liderdir
Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində dördüncü turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 162000 avro mükafat fondu olan bu nüfuzlu yarışda çıxış edən təmsilçilərimizdən yalnız Şəhriyar Məmmədyarov qələbə qazanmağı bacarıb. Qrossmeysterimiz turnirin reytinq favoriti Maqnus Karlseni (Norveç) məğlub edib. Milli komandamızın lideri Teymur Rəcəbov rusiyalı Pyotr Svidlerlə, Vüqar Həşimov isə digər rusiyalı Ernesto İnarkiyevlə heç-heçə oynayıb. Hesabat turu çərçivəsində keçirilən digər görüşlərdə Maykl Adams (İngiltərə) David Navaraya (Çexiya), Van Yue (Çin) İvan Çeparinova (Bolqarıstan) qalib gəlib. Sergey Karyakin (Ukrayna) - Etyen Bakro (Fransa), Aleksandr Qrişuk (Rusiya) – Qata Kamski (ABŞ) görüşlərində heç-heçə qeydə alınıb.
Dörd oyundan sonra turnir cədvəlinə 3 xalla A.Qrişuk başçılıq edir. Lideri hərəyə 2,5 xal toplayan T.Rəcəbov, V.Həşimov, Q.Kamski, M.Adams, V.Yue və S.Karyakin izləyir. İlk qələbəsini qazanan Ş.Məmmədyarovun hesabında 2 xal var.
Bu gün 5-ci tur çərçivəsində daha 7 oyun keçiriləcək: M.Karlsen - Q.Kamski, A.Qrişuk – M.Adams, S.Karyakin – V.Yue, İ.Çeparinov - P.Svidler, T.Rəcəbov - E.İnarkiyev, V.Həşimov - Ş.Məmmədyarov, D.Navara – E.Bakro.
0