[b]“Bu qədər güclü komandaya qarşı oynamamışdım”[/b]
13.09.2017 - 15:22
[b]“Bu qədər güclü komandaya qarşı oynamamışdım”[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi

 

- Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə (0:6) oyunun startının bu şəkildə alınmasını şərtləndirən xüsusi təsir qüvvəsi nə idi?

- Dəfələrlə İngiltərə və Çempionlar Liqasının qalibi olmuş, tarixi 100 ili aşan bir komandaya qarşı oynadıq. Futbolla yaşayan, bilən adamlar bu reallığı heç vaxt unutmurlar. Bu yarışda güclü-zəif söhbəti yoxdu, udmaq-uduzmaq ola bilərdi. Bu gün belə komandanı məğlub etmək bizim üçün tezdi. Daha yaxşı nəticə əldə etməyə çalışdıq, amma bu, futboldu, yekunda hər cür nəticə ilə qarşılaşa bilərsən. Buna hazır olmaq lazımdı. “Çelsi” super klubdu, çox güclüdü.

 

- Sanki startda həyəcanlı idiniz...

- Həyəcan sözünü özümə yaxın buraxmaq istəmirəm. Ümumiyyətlə, bu söz mənə ağır gəlir. Məsuliyyətimizi dərk edirik. Çünki bizdən nəticə gözləyən xalqımız, azarkeşlərimiz var. Bundan doğan məsuliyyəti dərk edirdik. Bəlkə də, səhvlərə yol verməyimiz bu məsuliyyətin yaratdığı təzyiq idi.

 

- Matçın gedişində komanda yoldaşlarınızdan bir neçəsi, o cümlədən siz özünüzə bənzəmirdiniz. Bəlkə stadionda təsir edən başqa məqamlar var idi, biz efirdən onu görmürdük?

- Yarımmüdafiə xətti bu qədər güclü və təcrübəli olan komandaya qarşı oynamamışdım. Onlar oynamağa imkan vermirdilər. “Kopenhagen” və “Şerif”lə keçirilən oyunlarla aradakı fərqli bu matçda gördük, təzyiq isə böyük idi. “Çelsi”nin orta xəttində daha çox futbolçu yer almışdı. Bu da topu almağımıza, ötürmə etməyimizə çətinlik yaradırdı. “Oyunum alınmadı” deyə bilərəm. Bunu dərk edirəm. Oyunumuz bizə də xoş gəlmədi, amma bir görüşə görə, bu qədər söz-söhbətin yaradılması da yaxşı hal deyil.

 

- Vaxtilə televiziya vasitəsilə izlədiyiniz “Stemford Bric” stadionunda rəqib olmağın yaratdığı hisslər necə idi?

- Hər həftə “Çelsi”nin oyununa baxanda nəticədən asılı olmayaraq, heç vaxt bu meydanda rəqib olacağımı, meydana çıxacağımı düşünmürdüm, ağlımdan belə keçirmirdim. Xəyalımızda olan stadionda meydana çıxmaq unudulmayacaq hissdi. Amma “Çelsi”ni onun meydanında məğlub etmək üçün hələ çox yorulmalıyıq. Tarixi bir məkanda olduq. Hətta bəzi tarixi yerləri qoruyub saxlayıblar. Həyatımızda bir səhifədi, getdik, gördük.

 

- Bayaq yazılanlara toxundunuz. Nəticənin, yaradılan ab-havanın azarkeşlərin stadiona gəlməsi baxımından “Roma” ilə oyuna təsiri ola bilərmi?

- Bizi ruhlandıran, yaxşı oynamağa sövq edən azarkeşlərimizdi. Onların sayı tribunada nə qədər çox olsa, sevinərik. Çalışmışıq ki, bizə olan dəstəyin qarşılığını verək. Ancaq anlayanlar bilir ki, necə çətin, güclü rəqiblərlə bir qrupa düşmüşük. Sadəcə, məğlubiyyət bir qrup insanın əlinə bəhanə kimi düşüb. Halbuki, bu “Qarabağ” cəmi 2 həftə əvvəl Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla bütün Azərbaycana sevinc bəxş etmişdi. Deyirdilər ki, qrup mərhələsinə vəsiqə qazanın, nəticələr vacib deyil. Halbuki, ora vəsiqə qazanan komandalar sıradan rəqiblər deyil. Nəticələrə hazır olmalı, azarkeşlərlə bir yumruq kimi birləşməliyik.

 

- Bəs bu cür münasibət təəssüf yaradırmı?

- Çalışıram yazılanları oxumayım. Amma şəxsi ünvanıma yazılanlara münasibət bildirmədən keçmək olmur. Niyə təəssüflənirik ki? Biz Azərbaycan üçün əlimizdən gələni edirik. Amma ortada nəzərə alınması vacib olan reallıq var. Dünən “Barselona” ötən mövsüm Çempionlar Liqasının finalında oynamış “Yuventus”a 3 cavabsız top vurdu. Hesab hətta 5:0, 6:0 da ola bilərdi.

 

- Qarşılaşmadan sonra baş məşqçiniz Qurban Qurbanov sizə nə dedi?

- Oyundan sonra dopinq-testə getmişdim. Ona görə də baş məşqçimizin nə dediyini bilmədim. Bu gün istirahət edirik, sabahdan məşqlər başlayacaq. Baş məşqçimiz də fikirlərini ətraflı şəkildə deyəcək.

0