[b]“Oğlumun doğulması mənə böyük stimul verdi” - Məhəmmədrəsul Məcidov[/b]
14.09.2017 - 15:54
[b]“Oğlumun doğulması mənə böyük stimul verdi” - Məhəmmədrəsul Məcidov[/b]

Bu gün Gənclər və İdman Nazirliyində Almaniyanın Hamburq şəhərində keçirilmiş dünya çempionatında 1 qızıl və 1 bürünc medal qazanmış boks millimiz və Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan mundialda 4 mükafata yiyələnmiş cüdo yığmamızla görüş keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, federasiyaların rəsmiləri, komandaların məşqçilər korpusu və idmançılar iştirak ediblər.

 

Mansurov hər iki yarışda yığmalarımızın çıxışını uğurlu adlandırıb. O, üçqat dünya çempionu tituluna yiyələnən sərbəst güləşçi Hacı Əliyev və boksçu Məhəmmədrəsul Məcidova prezident təqaüdü təyin edilməsini vurğulayıb: “Prezidentimizin idmana göstərdiyi qayğı göz qabağındadı. Cüdoçularımızın da qızıl qazanmaq vaxtıdı. Onlar bu dəfə gümüş və bürünc mükafat qazandılar”.

 

Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abıyev bildirib ki, idmançılarımız davamlı olaraq beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər: “65 ildi boksdayam. Müstəqillik illərində qazandığımız uğurlar heç vaxt olmayıb. Hər yeni ildə uğurlarımız artır. Məhəmmədrəsul Məcidov Azərbaycan idmanında yeni səhifə açdı. Çünki boksda heç vaxt belə nailiyyətimiz olmamışdı. Bir neçə il öncə Kamran Şahsuvarlını da ancaq Bakıda tanıyırdılar. İndi bütün dünya tanıyır. Mükafat qazanan idmançılarımızı təbrik edir, onlara uğurlar arzulayıram”.

 

ABF-in baş katibi Nağı Səfərov da boksçularımızın dünya çempionatında tarix yazdığını vurğulayıb: “Əvvəllər biz Azərbaycan idmanın uğurlarından danışırdıqsa, indi rekordlardan söz açırıq. Bütün dünya Məhəmmədrəsul Məcidovdan danışır. Hamburqdakı yarışadək 4 ölkədə üçqat dünya çempionu vardı. Kuba, Bolqarıstan, Rumıniya və Çindən sonra Azərbaycan beşinci oldu”.

 

Cüdo yığmamızın məşqçisi Mehman Əzizov komandamızın Budapeştdəki çıxışını uğurlu sayıb və gələn il medalların daha çox olacağını deyib: “Bu il komandamız rekord vurdu. Biz qızıl medal əldə etməsək də, çıxışımız uğurlu alındı. Çünki indiyədək heç bir dünya çempionatında 4 mükafat qazanmamışdıq. Gələn il dünya çempionatı Bakıda keçiriləcək. Həmin vaxt 2 qızıl medal qazanmağa çalışacağıq”.

 

Hamburqda 3-cü dəfə dünya çempionu titulunu qazanan Məhəmmədrəsul Məcidov ilk növbədə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: “Azərbaycan prezidenti bizi hər zaman dəstəklədiyi üçün ona təşəkkürümü bildirirəm. Bu, bizim ümumi qələbəmizdi. Bütün komandamızı təbrik edirəm. Çalışacağıq ki, bundan sonra daha da böyük uğurlara imza ataq. Dünya çempionatı ərəfəsində oğlumun doğulması mənə böyük stimul verdi. Kamranla bir otaqda qalırdım və o hansı hisslər keçirdiyimi gördü. Bir ata kimi xoş olar ki, oğlum gələcəkdə mənimlə fəxr etsin”.

 

Məcidov dünya çempionluqlarını da müqayisə edib. O bildirib ki, əgər əvvəlki yarışlarda daha yaxşı formadaydısa, bu dəfə təcrübəsi köməyinə gəlib. Dünya çempionatında gümüş medal qazanan Rüstəm Orucov, Orxan Səfərov və Kamran Şahsuvarlı mükafata gedən yoldan danışıb. Onlar növbəti yarışlarda özlərini daha yaxşı tərəfdən göstərəcəklərinə inam ifadə ediblər.

 

Cüdo üzrə millimizin çalışdırıcısı Mövlud Mirəliyev Yaponiya millisindən geri qalmağımızın səbəbini açıqlayıb. O bildirib ki, Orucovun asiyalıya məğlubiyyətində hakimlərin səhvi rol oynayıb: “Onların tarixi böyükdü, dünyada liderlərdən biridi. Biz də çalışırıq ki, elə sistem quraq, elə işləyək ki, onlara heç olmasa 50 faiz qalib gələk”.

 

Qeyd edək ki, Hamburq şəhərində təşkil olunan mundialda millimizin 2 boksçusu fəxri kürsüyə yüksəlib. Məhəmmədrəsul Məcidov (91 kq) 1-ci, Kamran Şahsuvarlı (75 kq) 3-cü yeri tutub. Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) gümüş, Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medala yiyələniblər.

 

0