SİZİN REKLAM BURADA

Titullar və doğrulmayan ümidlər - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Voleybol: tarixi zəfərlər və gələcəyə baxış. Prioritetlər: Azərbaycanda voleybolun ənənələri, inkişaf mərhələləri və klub voleybolunun tənəzzülü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Ölkə voleybolunu daim diqqətdə saxlayan “apasport” “Azərbaycan voleybolu: Müstəqilliyin 25 ili” layihəsinin növbəti yazısında yığmalarımızın dünya çempionatlarının təsnifat və final mərhələlərindəki çıxışını analiz edib, Olimpiya təsnifat turnirlərindəki iştirakına nəzər yetirəcək. Həmçinin komandalarımızın digər yarışlardakı uğurlarına da yer ayıracağıq.

 

Bakıda gerçəkləşməyən xəyal

Sabiq SSRİ-dən yenicə ayrıldıqdan sonra 1994-cü ildə keçirilən dünya çempionatında oynayan qadınlardan ibarət Azərbaycan millisinin çıxışındakı durğunluq XXI əsrin əvvəlində başa çatdı. Faiq Qarayev və yetirmələrinin vətənə dönüşü ilə intibah dövrünə qədəm qoyan voleybolumuz ilk ciddi sınağına yerli azarkeşlər qarşısında çıxdı. Yığmamız tarixində birinci dəfə Olimpiya Oyunlarının təsnifat turnirinə qatıldı. 8 komandanın Afina-2004-ə yeganə vəsiqə uğrunda mübarizəsi Bakı İdman-Konsert Kompleksində gerçəkləşdi. Millimizə ümidlər böyük olsa da, təqvim əleyhimizə işlədi. Həmin zaman daima uduzduğumuz Rusiya ilə ilk turda qarşılaşmağımız növbəti görüşlərə də təsirsiz ötüşmədi. Şimal qonşularımız ən yaxşı dövrlərində komandamızı 3:1 hesabı ilə məğlub etdiklərindən sonra Almaniya qarşısında da aciz qaldıq – 0:3. Son turda Polşanı 3:0 hesabı ilə yenən voleybolçularımız rəqibi A qrupunun birincisi olmaqdan məhrum etsə də, özü sonuncu pillədən qurtula bilmədi. Bu isə komandamızın Olimpiya xəyalının üstündən xətt çəkdi. Bakıdakı yeganə vəsiqə Almaniya millisinə qismət oldu. Millimiz bu turnirdə 16 voleybolçu ilə çıxış etdi. Faiq Qarayev həmin vaxt Yelena Parxomenko, Oksana Məmmədyarova, Kseniya Poznyak, Oksana Parxomenko (Kurt), Valeriya Korotenko (Məmmədova), Natalya Məmmədova, Natəvan Qasımova, Fəridə Rəsulova, Alla Həsənova, İrina Siminyagina, İlahə Ağayeva, Səbinə Əjdərova, Kəmalə Əsgərova, Səbinə Nuriyeva, Yelena Şabovta və İnessa Qorxmaza güvənmişdi.

 

Erkən vida

Yığmamız növbəti illərdə də Olimpiya təsnifat turnirlərində ümidləri doğrultmadı. Əslində, Bakıda əldə etmədiyimiz uğur Olimpiadaya ən yaxın olduğumuz yarış oldu. Çünki bunun ardınca son mərhələyə kimi belə irəliləyə bilmədik. Pekin-2008-in Avropa seçmələrinə I təsnifat mərhələsindən qoşulan voleybolçularımız 2007-ci ilin noyabrında Hollandiyanın Eyndhoven şəhərində ümidləri doğrultmadılar. Onlar 4 görüşdən yalnız birində qələbə qazandılar ki, bu da 5 komanda arasında 4-cü yer üçün kifayət etdi. Ukraynaya 0:3 hesablı məğlubiyyətdən sonra Macarıstana tay-brekdə qalib gələn yığmamız növbəti 2 qarşılaşmada Çexiya və Hollandiyanın hərəsindən cəmi 1 set almağı bacardı. Bununla da millimizin Olimpiada xəyalı növbəti 4 il üçün təxirə düşdü.

 

London-2012-yə vəsiqə üçün də Azərbaycan Voleybol Federasiyası yığmamızın oyunlarının Bakıda keçirilməsinə nail oldu. Əvvəlki təsnifat mərhələlərindən azad olan komandamız mübarizəyə III raunddan başladı. Türkiyədəki seçmələrə yeganə vəsiqə uğrunda yarışda bu dəfə Bolqarıstan qarşımızı kəsdi. Komandamız 2011-ci ilin noyabrındakı turnirə balkanlılara qrupda 2:3 hesablı məğlubiyyətlə başlasa da, ardınca Danimarkanı 3:0, yarımfinalda isə Çexiyanı 3:1 hesabı ilə məğlub etdi. Finalda yenidən bolqarlarla üz-üzə gələn təmsilçimiz 2 saata yaxın davam edən görüşdə revanş ala bilmədilər və yenə tay-brekdə uduzdular. Bu, hələki qadın millimizin Olimpiya təsnifat turnirlərində son çıxışı kimi tarixə düşdü. Çünki Rio-2016-ya gedən yolda komandamız təsnifat mərhələsindən kənar qaldı.

 

4 oyun, 4 məğlubiyyət

Analoji yarışda kişi voleybolçularımızın çıxışına gəlincə, bu yığmamız da azarkeşlərə sevinc bəxş edə bilmədilər. 2003-cü ildə Macarıstanla ilkin mərhələ görüşləri yığmamızın yalnız 1 set qazanması ilə nəticələndi – 1:3, 0:3.

 

4 il sonra voleybol ölkəsi kimi tanınmayan Danimarka da millimizə şans vermədi – 0:3, 0:3.

 

Növbəti yarışlarda isə beynəlxalq arenadan çəkilən komandamız bu turnirlə yanaşı, digər mötəbər yarışlara da getmədi. Əslində, kişi voleybolçularımızın Olimpiya xəyalının gerçəkləşəcəyi günü proqnozlaşdırmaq belə müşküldü.  

 

Uğursuz qayıdış

DÇ-1994-dən sonra ölkə voleybolunun vəziyyəti ürəkaçan olmasa da, qadınlardan ibarət yığmamız növbəti mundiallara da qatılmaq üçün mübarizəyə qoşuldu. 1997-ci ildə Rumıniyanı hər 2 oyunda məğlub edən (3:1, 3:0) Faiq Qarayevin yetirmələri növbəti raunda yüksəldi. Lakin Moskvada meydan sahibləri, Çexiya və Fransa ilə eyni qrupda gücünü yoxlayan voleybolçularımız 2 vəsiqədən heç birini əldə edə bilmədilər. Çexiyaya 1:3 hesabı ilə uduzduqdan sonra tay-brekdə Fransanı məğlub edən yığmamız son turda Rusiyanı mütləq üstələməli idi. Lakin hər 3 setdə uduzan komandamız yarışla vaxtından əvvəl vidalaşdı.

 

4 il sonra da millimiz dünya çempionatına ilkin mərhələdən start verdi. İsraili Bakıda qəbul edən təmsilçimiz rəqibə şans vermədi – 3:0, 3:2. Bu, yığmamıza Hollandiyada keçirilən E qrupunun seçmə oyunlarında mübarizə aparmaq imkanı verdi. İlk görüşdə meydan sahiblərinə 2:3 hesabı ilə uduzan təmsilçimiz Türkiyəni 3:1, Fransanı 3:0 hesabı ilə yensə də, bu, yalnız ikinci yer üçün kifayət etdi. Təəssüf ki, rəqibləri ilə müqayisədə set fərqinin yaxşı olmaması Faiq Qarayevin yetirmələrinə ən yaxşı ikinci yer sahibləri kimi mundiala yollanmaq bileti vermədi.

 

12 illik intizara son

DÇ-2006-nın I seçmə mərhələsindən azad olan yığmamız II raundun D qrupunun qarşılaşmalarını Bakıda keçirdi. Ciddi çətinliklə üzləşməyən voleybolçularımız İspaniyanı 3:0, Belçika və Rumıniyanı 3:1 hesabı ilə məğlub etdi. III seçmə mərhələ Moskvada baş tutdu. Millimiz Bolqarıstan və Çexiyaya 3 setdə qalib gəldikdən sonra ev sahiblərini də 3:1 hesabı ilə məğlub edərək, birinci yerlə dünya çempionatına vəsiqə qazandı. Bununla da yığmamızın 12 illik həsrəti başa çatdı və komandamız Yaponiyada təşkil olunan DÇ-2006-da oynamaq hüququna yiyələndi.

 

Sapporoda çıxış edən B qrupunda yer alan yığmamız ilk 2 oyunda Çin və Rusiyaya eyni – 1:3 hesabı ilə uduzdu. Dominikan Respublikasını eyni hesabla məğlub etdikdən sonra Almaniyaya “quru hesabla” yenilən voleybolçularımızın taleyi son turda həll olundu. Autsayder Meksikanı 3 setdə üstələyən voleybolçularımız dördüncü yerlə növbəti raunda adladı. II qrup mərhələsində Braziliya və Hollandiyaya 0:3 hesabı ilə uduzan Faiq Qarayevin yetirmələri ABŞ-ı 3:2, Puerto-Rikonı 3:0 hesabı ilə məğlub etsə də, faydası olmadı. 8 komandalı F qrupunda 7-ci olan təmsilçimiz mundialı ümumi sıralamada 13-cü yerdə başa vurdu. Millimiz tarixinin ikinci mundialında 12 voleybolçu ilə çıxış etdi: Kseniya Kovalenko, Oksana Parxomenko (Kurt), Yelena Şabovta, İrina Sminyagina, Yelena Parxomenko, Natəvan Qasımova, Natalya Məmmədova, Oksana Məmmədyarova, İnessa Qorxmaz, Valeriya Korotenko (Məmmədova), Aynur Kərimova, Səbinə Yarməmmədova.

 

Qubada başladı, Hollandiyada “ilişdi”

Növbəti dünya çempionatına vəsiqə uğrunda mübarizə isə Qubada başladı. Yığmamız 2009-cu ilin mayında II təsnifat mərhələsində İsrail üzərində qələbə ilə başlasa da (3:1), ardınca Belarusa “quru hesab”la məğlub oldu. Son turda ukraynalılara 3 setdə qalib gəlmək komandamızı qrup ikincisi kimi pley-offa yüksəltdi. 2 ay sonra baş tutan bu mərhələnin oyunlarını Hollandiyada keçirən Faiq Qarayevin yetirmələri ilk 2 qarşılaşmada uduzmaqla, mundial şansını əldən verdi. Almaniyaya 2:3, Hollandiyaya 0:3 hesabı ilə məğlub olduqdan sonra Sloveniya üzərində 3:2 hesablı qələbə yalnız təsəlli xarakteri daşıdı.

 

İlk dəfə Çervyakovla

DÇ-2014-ün seçmə mərhələsinə III raunddan başlayan yığmamız yenə doğma divarlar arasında mübarizə apardı. Millimiz İsraili 3:1, Estoniyanı 3:0, Serbiyanı 3:2 hesabı ilə məğlub edərək, birbaşa mundialda iştirak hüququ qazandı. DÇ-1994 və DÇ-2006-dan sonra yığmamız İtaliyada təşkil olunan ən mötəbər turnirdə 3-cü dəfə iştirak hüququ qazandı. Yarışa Aleksandr Çervyakovun rəhbərliyi altında yollanan millimiz dünya çempionatına Yaponiya üzərində 3:2 hesablı qələbə ilə başladı. Ardınca Çinə “quru hesab”la məğlub olan voleybolçularımız Puerto-Rikoya da tay-brekdə qalib gəldi. Növbəti turda Belçikaya 0:3 hesabı ilə uduzduqdan sonra yığmamızın taleyi son tura qaldı. Bu görüşdə Kubanı 3:1 hesabı ilə yenən millimiz D qrupunu 4-cü yerdə başa vurdu. Bununla da Baridə başlayan yol həm bu şəhərdə, həm də Trestdə davam etdirildi. Lakin meydan sahibi və Dominikan Respublikasına 1:3 hesablı məğlubiyyət komandamızın şanslarının üstündən xətt çəkdi. Xorvatiya üzərində 3:1 hesablı qələbə yalnız təsəlli xarakteri daşıdı. Almaniyadan alınan 0:3 hesabı isə təmsilçimizi E qrupunun sonuncusu etdi – 8-ci yer. Bununla da, yığmamız ümumi sıralamada 15-ci oldu. Çervyakov mundiala 12 voleybolçunu aparmışdı: Ceyran Əliyeva, Kseniya Kovalenko (Poznyak), Anastasiya Qurbanova, Oksana Porxomenko (Kurt), Odina Bayramova, Ayşən Abduləzimova, Yelena Parxomenko, Natəvan Qasımova, Yala Ağayeva (Kulan), Yekaterina Jidkova, Oksan Kisilyova və Polina Rəhimova.

 

Tarixdə ilk dəfə

Əvvəlki dünya çempionatlarına fasilə ilə yollanan millimiz tarixində ilk dəfə final mərhələsindəki yerini qorumağı bacardı. Voleybolçularımız buna DÇ-2018-in Bakıda keçirilən seçmə oyunlarında nail oldu. Yenidən Faiq Qarayevin rəhbərliyi altında meydana çıxan komandamız II təsnifat mərhələsini bir nəfəsə keçdi. Yığmamız Hollandiya kimi güclü komandanın da yer aldığı qrupu set vermədən bitirdi. Mundiala yeganə birbaşa vəsiqə uğrunda yolda Norveç, Ukrayna, Danimarka, İsrail, ən sonda isə “narıncılar” “ağ bayraq” qaldırmalı oldular.

 

Nəticədə yığmamız DÇ-2006-da olduğu kimi, yenə Yaponiyada mübarizə aparmaq hüququ qazandı. Hələlik bu siyahıda Azərbaycanla yanaşı, daha 10 ölkə yer alıb. Digər 13 komanda isə qarşıdakı aylarda bilinəcək.

 

Hər dəfə 1 qələbə

Qadın voleybolçulardan fərqli, kişilərdən ibarət millimiz mundialın seçmə mərhələsində yalnız 4 il əvvəl debüt etdi. Lakin DÇ-2014-ün I raundu təmsilçimiz üçün uğursuz alındı. Xorvatiyada mübarizə aparan Sahib Əliyevin yetirmələri meydan sahiblərinə 1:3, Hollandiyaya 0:3 hesabı ilə uduzdular. Bosniya və Herseqovina üzərində qələbə komandanın tarixinə analoji yarışda ilk kimi yazıldı.

 

DÇ-2018-i də komandanın aktivinə yazmaq olmaz. Bu dəfə II mərhələdən turnirə qatılan yığmamız oyunlarını Fransa keçirdi. Fərid Cəlalovun başçılıq etdiyi milli Türkiyə, Almaniya, Ukrayna və ev sahiblərinə 0:3 hesabı ilə məğlub oldu. Son turda İslandiyanı eyni hesabla yenən komandamız axırıncı pilləni rəqibinə verdi.

 

Uğursuz Qran-pri

Qadınlardan ibarət komandamız dünya və Avropa çempionatları ilə yanaşı, nüfuzlu Qran-pri yarışlarında da qüvvəsini sınadı. 2005-ci ildə bu mötəbər yarışda debüt edən millimiz Qubada Almaniya, Türkiyə və Bolqarıstanla mübarizə apardı. İlk 2 rəqibi 3:1 hesabı ilə məğlub edən yığmamız son turda Türkiyəyə tay-brekdə uduzsa da, qrup birincisi kimi yarımfinala yüksəldi. Burada Almaniyanı 3:0, finalda Rusiyanı 3:2 yenməklə, Avropa zonasının birincisi kimi həlledici mərhələyə vəsiqə qazandı.

 

Dünya Qran-prisinə Honkonqda başlayana voleybolçularımız 2006-cı ildəki ilk mərhələdə cəmi 1 qələbə qazandı. Rusiya və Çinə 2:3 hesabı ilə uduzan yığmamız son oyunda Tailandı eyni hesabla məğlub etdi. Taypeydə baş tutan növbəti mərhələdə də hər 3 matçımız 5 set davam etdi. Amma İtaliya, Kuba və Tailandla görüşlərdə qələbəyə rəqib sevindi. Ninqboda keçirilən 3 mərhələdə də Faiq Qarayevin yetirmələri qələbəyə həsrət qaldılar. Bu dəfə Çinə 1:3, Kubaya 0:3, Polşaya 2:3 hesabı ilə məğlub olduq. Beləliklə, komandamız 9 qarşılaşmada 1 qələbə qazanmaqla, 12 milli arasında 10-cu oldu.

 

Növbəti illərdə keçirilən Qran-prilər isə təmsilçimiz üçün uğursuz alındı. 2006-cı ilin sentyabrında Bolqarıstanda mübarizəyə start verən yığmamız meydan sahiblərini 3 setdə, Polşanı tay-brekdə məğlub etsə də, Hollandiyaya 1:3 hesabı ilə uduzdu. Pley-offda yenidən Polşa ilə üz-üzə gələn komandamız yalnız 1 hissədə qələbə qazanmaqla, Qran-pri ilə təsnifat mərhələsində vidalaşdı.

 

Yığmamızın bu yarışdakı son çıxışı 2007-ci ilin sentyabrına təsadüf etdi. Voleybolçularımız qonşu Türkiyənin paytaxtı Ankarada yarışdılar. Əvvəlki illərdə olduğu kimi, mübarizə qruplarda deyil, dairəvi sistemlə təşkil edildi. Millimiz Almaniya, İtaliya, Serbiyaya 0:3, meydan sahiblərinə 1:3, Rusiya və Bolqarıstana 2:3 hesabı ilə məğlub olaraq, Qran-pri ilə sonuncu yerin sahibi kimi vidalaşdı. Bu, millimizin analoji yarışda son çıxışı oldu.

 

Avropa Liqasında özünüsübut

Yığmamız Olimpiya təsnifat turnirlərində, dünya çempionatında və Qran-pridə titul qazana bilməsə də, Avropa Liqasında bu vəzifənin öhdəsindən gəldi. Düzdü, qadınlardan ibarət komandamızın 2014-cü ildəki debütü uğurlu alınmadı. Voleybolçularımız qrup mərhələsində Bolqarıstana 0:3, 1:3, Sloveniyaya 2:3 hesabı ilə uduzduqdan sonra işini çətinə saldılar. Sonuncular üzərində ikinci matçdakı 3:0 hesablı qələbə növbəti məğlubiyyətlərlə müşayiət olundu. Komandamız Türkiyə ilə 2 oyundan cəmi 1 set ala bildi. Millimiz II dövrədə daha yaxşı çıxış edərək, mövqeyini yaxşılaşdırdı. Türkiyəni (3:1, 0:3) və Sloveniyanı 1 (3:1, 2:3), Bolqarıstanı 2 (3:2, 3:0) dəfə yenən yığmamız qrup mərhələsini ikinci yerdə başa vura bildi və finala yüksələ bilmədi.

 

2 il sonra yenidən bu yarışa dönən millimiz rəqibləri üçün qarşısıalınmaz oldu. Faiq Qarayevin yetirmələri Fransa və Monteneqronun hərəsi ilə hər 2 matçda 3:0, İspaniyanı isə hər 2 qarşılaşmada 3:1 hesabı ilə məğlub etdilər. Nəticədə 18 xal toplayan təmsilçimiz yarımfinala vəsiqə qazandı. Bu mərhələdə Yunanıstan yığması da komandamız qarşısında aciz qaldı – 3:1, 3:1. Finaldakı rəqib Slovakiya oldu. Millimiz 2 oyunda yalnız 1 setdə məğlubiyyət acısı yaşadı. Bununla da Faiq Qarayevin yetirmələri ikinci cəhddə Avropa Liqasının kubokunu başları üzərinə qaldırdılar.

 

Bu çempionluq komandamıza Qran-pridə iştirak hüququ versə də, təmsilçimiz son anda yarışdan imtina etdi. Buna ölkəmizdə dünya çempionatının seçmə mərhələsi və IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi səbəb kimi göstərildi.

 

Qələbə həsrətində

2014-cü il kişi voleybolçularımızın da Avropa Liqasında debütü ilə əlamətdar oldu. Lakin komandamız turniri qələbə qazanmadan başa vurdu. Rumıniya (1:3, 1:3), Yunanıstan (2:3, 1:3), Monteneqro (0:3, 0:3) və Polşa (2:3, 0:3) ilə oyunlarda qazancımız cəmi 2 xal oldu. Yığmamız yalnız 3 ildən sonra bu turnirə qayıtdı. Həmin vaxtda da Fərid Cəlalovun yetirmələri azarkeşlərini sevindirə bilmədilər. Millimiz Makedoniya (0:3, 0:3), İsveç (2:3, 0:3) və Albaniya (1:3, 0:3) ilə qarşılaşmalarda cəmi 1 xal əldə etdi.

 

Doğrulmayan ümidlər

2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında həm kişi, həm də qadın voleybolçularımız mübarizə apardılar. Təbii ki, əsas ümidlər xanımlardan ibarət yığmamızla bağlı idi. Amma doğma divarlar arasında çıxış edən komandamız medalın bir addımlığında büdrədi. Təmsilçimiz Rumıniyaya 3:1, Polşaya 3:0, İtaliyaya 3:1, Belçikaya 3:2 hesabı ilə qalib gəlsə də, qrup birinciliyini son turda Türkiyə verdi – 0:3. 1/4 finalda Hollandiya üzərində 3:0 hesablı qələbədən sonra millimizin uğursuzluğu başladı. Öncə yarımfinalda Türkiyəyə, ardınca bürünc medallar uğrunda görüşdə Serbiyaya tay-brekdə uduzan komandamız yarışı 4-cü pillədə bitirdi.

 

Gözlənilən autsayderlik

Qarşısına heç bir hədəf qoyulmayan kişilərdən ibarət yığmamız qrup mərhələsini sonuncu yerdə başa vurdu. Bülənt Karslıoğlunun rəhbərlik etdiyi komanda ilk turun Finlandiya ilə matçında 2:0 hesabı ilə öndə olsa da, məğlubiyyətə üzüldü. Təmsilçimiz ardınca Serbiya, Fransa və Polşaya 0:3, Türkiyəyə 2:3 hesabı ilə uduzaraq, öz qrupunun sonuncusu oldu.

 

İslamiadada 2 medal

Qadınlardan ibarət komandamız Bakı-2015-dəki uğursuzluğu paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında unutdurdu. Faiq Qarayevin yetirmələri dairəvi sistemlə keçirilən I mərhələdə Qırğızıstan, Tacikistan və Türkiyəni “quru hesab”la məğlub edərək, yarımfinala yüksəldilər. Bu mərhələdə tacikləri yenə 3:0 hesabı ilə yenən voleybolçularımız finalda türklərə də güzəşt etmədilər – 3:1. Bu, komandamızın aktivinə yazılan növbəti titul oldu.

 

Qadın voleybolçularımız kimi, kişilərdən ibarət yığmamız da doğma divarlar amilindən yararlandı. Fərid Cəlalovun yetirmələri qrup mərhələsində Pakistan, Fələstin və Türkmənistanı 3:0, Türkiyəni 3:2 hesabı ilə məğlub etdi. Yarımfinalda Əlcəzairdən də üstün olan (3:1) komandamız finalda güclü İran yığması ilə bacarmadı (0:3).

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Fotosessiya
SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 8 6 1 1 14-4 19

2.

Qəbələ

9 6 1 2 12-8 19

3.

Zirə 9 5 3 1 16-7 18

4.

Sumqayıt

9 4 1 4 10-12

13

5.

Neftçi

9

3 1 5 10-9 10

6

Səbail 8 3 0 5 5-12 9

7.

İnter

9

2 2 5 7-12 8

8.

Kəpəz

9 1 1 7 5-15 4
               

 

Top 10