[b]Vurğun Hüseynov: Ayağımız da, başımız da işləyirdi – MÜSAHİBƏ[/b]
16.09.2017 - 20:41
[b]Vurğun Hüseynov: Ayağımız da, başımız da işləyirdi – MÜSAHİBƏ[/b]

“İnter”lə oyundan 1 xalla ayrılan “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Bu cür havada oynamağın çətin olacağını rəhbrəliyə bildirmişdinizmi?

- Biz 2 gün əvvəl oyunun başlanma vaxtını öyrəndik. Baş məşqçimiz məşqlərimizi saat 5-ə təyin etdi. Təbii ki, bü cür isti havada oynamaq çox çətin idi.

 

- Özünüzü necə hiss edirdiniz? Ayaqlar sözünüzə baxırdımı?

- Ayağımız da, başımız da işləyirdi. Amma çox çətin idi bu saatda oynamaq. Matçın vaxtını PFL təyin edir. Bizim də borcumuz deyilən vaxtda meydana çıxmaq, işimizi görməkdi.

 

- Səhhətinizlə bağlı narahatçılıq hiss etmirdiniz?

- Həkimlər nəzarət edirdi. Üstəlik, baş hakim su fasiləsi verdi.

 

- İkinci hissədə kölgə olan tərəfdə oynadınız. Daha rahat olardı…

- Bu, oyun epizodu ilə bağlı idi. Həm də ikinci hissədə günəş yavaş-yavaş batırdı.

 

- Kapitan kimi bu qədər epizodu qaçırmağınıza təəssülənmirsiniz?

- “Zirə” ilə oyun istisna olmaqla, qalan qarşılaşmaların ilk 25-30 dəqiqəsində kifayət qədər qol epizodu yarada bilirik, amma reallaşdırmaqda çətinlik çəkirik. Halbuki, həmin epizodlarla oyunun taleyini həll edə bilərdik. Baş məşqçimizi də narahat edən məqamlardandı biri də budu. Məşqlərdə bunun üzərində çalışırıq.

 

- Bəlkə bu, futbolçuların ustalıq səviyyəsi ilə bağlıdı?

- Demək olar, hər oyunda qol vururuq. Amil, Cavidlər, Rəşad rəqib qapısına yol tapır. Yüksək səviyyəli futbolçu transfer etmək üçün büdcəmiz artırılmalıdı. Ancaq hazırkı heyətimiz də pis futbolçulardan təşkil edilməyib.

 

- Avrokuboklara vəsiqə qazanmağınız büdcənin artırılmasına kömək edə bilər?

- Büdcənin artırılması hamımız üçün yaxşı olar.

 

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Bu komandanı büdrətməyə gücünüz çatacaqmı?

- “Qarabağ” bu gün Çempionlar Liqasında çıxış edir. Onları təbrik edirik. Gücləri hamıya bəllidi. Öz meydanımızda oynayacağıq. Çalışacağıq ki, yaxşı mübarizə aparaq və stadiona gələcək azarkeşlərimizi sevindirək.

0